Britaniyada 8 min qurbağa sümüyünün sirri 10 ildən sonra açıldı

DÜNYA
16:38 / 11.11.2026
42

Britaniyada magistral yolun tikintisi zamanı aşkarlanan minlərlə qurbağa sümüyünün sirri uzun illərdən sonra çözülüb. Arxeoloqlar müəyyən ediblər ki, təxminən 1700 il əvvələ aid qalıqlar yırtıcı quşların kütləvi ov fəaliyyəti nəticəsində yaranıb.

HİT.az xəbər verir ki, tapıntı İngiltərədə Kembric və Hantinqdon şəhərlərini birləşdirən A14 magistral yolunun tikintisi zamanı aşkar edilib. 2016–2018-ci illərdə aparılan qazıntılar zamanı bir xəndəkdən təxminən 8 min qurbağa sümüyü çıxarılıb.

Uzun müddət bu qədər çox amfibiyanın qalıqlarının bir yerdə toplanmasının səbəbi müəyyənləşdirilə bilməyib. Bornmut Universitetinin əməkdaşı Pol Klarkson və London Arxeologiya Muzeyinin zooarxeoloqu Viki Evans tapıntıları ətraflı araşdırmağa başlayıblar.

Sümüklərdəki zədələrin əvvəlki tədqiqatlarla müqayisəsi onların yırtıcı quşların ov fəaliyyəti nəticəsində yarandığını göstərib. Əsas ehtimal edilən növlər bataqlıq bayquşu və çöl muymulu olub.

Araşdırmanın mühüm mərhələlərindən biri qurbağaların yaşının müəyyənləşdirilməsi idi. Alimlər bazu sümüklərinin uzunluğuna əsaslanan üsuldan istifadə edərək qalıqların əksəriyyətinin həyatının ilk ilində, əsasən də ilk qışda tələf olmuş cavan qurbağalara aid olduğunu müəyyən ediblər.

Vyana Universitetində aparılan radiokarbon analizi isə qalıqların təxminən 1700 il yaşı olduğunu və Britaniyanın Roma hakimiyyəti altında olduğu dövrə aid edildiyini təsdiqləyib.

Tədqiqatçılar qurbağaların bu qədər asanlıqla yırtıcıların ovuna çevrilməsini həmin dövrün landşaft dəyişiklikləri ilə əlaqələndirirlər. Roma dövründə İngiltərənin şərqindəki bataqlıq ərazilər tədricən azalaraq amfibiyaların çoxalması üçün əlverişli mühit yaradıb. Eyni zamanda, meşələrin mal-qara otlaqlarına çevrilməsi açıq əraziləri genişləndirib. Bu da yırtıcı quşların ov imkanlarını artırıb.

Pol Klarksonun sözlərinə görə, bayquşların qurbağaları kütləvi şəkildə ovlaması nəticəsində xəndəkdə minlərlə sümük toplanıb. Bu tapıntılar yalnız qədim heyvanlar aləmi haqqında deyil, həmin ərazidə insanların necə yaşaması barədə də məlumat verir.

Araşdırma həmçinin göstərib ki, həmin dövrdə ərazi seyrək məskunlaşıb. Maldarlar sürülərini mövsümi olaraq təzə otlaqlara aparmaq üçün bu vadidən istifadə ediblər.

Tədqiqatın nəticələri “Environmental Archaeology” jurnalında dərc olunub. Alimlər hesab edirlər ki, hətta kiçik canlıların qalıqları da keçmişin təbii şəraitini və insanların ətraf mühiti necə mənimsədiyini öyrənmək üçün mühüm mənbədir.

Samir
 

0