Abonentlərin 77,5 faizi qaz limitini keçməyib? - "Rəqəm şişirdilib"

İQTİSADİYYAT
16:26 / 26.05.2023
527

Bu il havaların əvvəlki illərə nisbətən daha soyuq keçməsi qaza olan təlabatı daha da artırıb.

May ayı olmasına baxmayaraq, hələ də bir çox evlərdə kombilərdən istifadə olunur. Artıq bir çox vətəndaş qaz limitini keçməkdən gileylənir. Lakin "Azəriqaz" fərqli açıqlaması ilə diqqət çəkib. 

Belə ki, "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu ilin yanvar-aprel aylarında abonentlərin 77,5 faizinin qaz limitini keçmədiyini açıqlayıb. Onun sözlərinə görə, hesabat dövründə abonentlərin 20,6 faizi orta qaz istifadəsi tarifindən, yəni 1200-2500 kubmetr çərçivəsində yararlanıb.

Ümumiyyətlə, bu rəqəm nə dərəcədə həqiqətə uyğundur?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, rəqəm şişirdilib:

"Bu məsələ ilə bağlı daha dəqiq cavab vermək üçün "Azəriqaz" İstehsalat Birliyinin əldə etdiyi qazın miqdarını bilmək lazımdır. Çünki "Azəriqaz" əldə etdiyi qazın satışını həyata keçirir. Həmçinin, nə qədər itki olduğunu və ödənişlərin dəqiq miqdarını bilmək lazımdır. 

Ancaq abonentlərin 77,5 faizinin keçmədiyi rəqəminin bir qədər şişirdildiyini düşünürəm. Çünki bildiyiniz kimi, havalar son günlərə qədər soyuq keçir və insanların bir çoxu kombidən istifadə edirdi. Bununla bağlı biz də hər 10 nəfərdən 8-nin qaz limitini keçdiyi barədə şikayətlərini eşidirdik. 

Ona görə də qaz limitini keçməyən abonentlərin faizinin bu əmsalda olduğunu zənn etmirəm. Ancaq əhalinin bir hissəsi müəyyən səbəblərə görə həqiqətən də qaz limitini keçməyə bilər. Yəni müəyyən məsələlərə görə qazdan az istifadə etmiş insanlar limiti keçməyə bilər. Amma ümumi olaraq açıqlanan rəqəmin şişirdildiyini düşünürəm".

Pərviz

0