ABŞ Ukraynanın məğlubiyyətinin bədəlini ağır ödəyə bilər – "Forbes"

DÜNYA
14:29 / 30.10.2026
63

Ukraynanın Rusiyaya qarşı müharibədə məğlub olması ABŞ üçün Kiyevə göstərilən maliyyə və hərbi dəstəkdən qat-qat baha başa gələ bilər. Bu, Vaşinqtonun müdafiə xərclərinin artmasına, vergilərin yüksəlməsinə və qlobal iqtisadi qeyri-sabitliyin güclənməsinə səbəb ola bilər.

HİT.az xəbər verir ki, bu barədə “Forbes” nəşrində dərc olunan məqalədə bildirilib.

Nəşrin təhlilinə görə, Rusiyanın qələbəsi Avropada təhlükəsizlik vəziyyətini daha da pisləşdirə, eyni zamanda Çin, Cənubi Koreya və Yaponiya üzərində təzyiqi artıra bilər. Müttəfiqlərin zəifləməsi isə ABŞ-ı NATO qarşısında daha böyük hərbi öhdəliklər götürməyə və müdafiə xərclərini artırmağa məcbur edə bilər.

Məqalədə qeyd olunur ki, mümkün yeni münaqişələr enerji təchizatına və beynəlxalq dəniz daşımalarına təhlükə yaradaraq yanacağın, nəqliyyat xidmətlərinin bahalaşmasına və inflyasiyanın artmasına yol aça bilər. Tayvan ətrafında müharibə baş verəcəyi təqdirdə isə ABŞ yarımkeçiricilər və mikroçiplərin əsas təchizatçılarından birinə çıxışını itirmək riski ilə üzləşə bilər.

“Forbes” vurğulayır ki, Rusiyanın Ukraynada qələbəsi Çinin avtomatik olaraq Tayvana hücum edəcəyi anlamına gəlmir. Bununla belə, Pekin Qərb ölkələrinin Moskvanın təcavüzünə reaksiyasını diqqətlə izləyir və bundan nəticə çıxarır. Bu səbəbdən Vaşinqton həm Rusiyaya, həm də digər avtoritar dövlətlərə hərbi təcavüzün qazanc gətirməyəcəyini göstərməlidir.

Nəşr Avropanın da Ukraynanın müdafiəsinə daha böyük töhfə verməli olduğunu bildirir. Məqalədə Qərb ölkələrinin Rusiyanın təcavüzünü pisləməklə yanaşı, onun enerji məhsullarını almaqda davam etməsi ziddiyyətli mövqe kimi qiymətləndirilir. Bu alışlar Moskvanın müharibəni maliyyələşdirməsinə dolayı dəstək verir.

“Forbes” hesab edir ki, Ukrayna danışıqlar zamanı müəyyən güzəştlərə getməli olsa belə, bu proses təslimiyyətə çevrilməməlidir. Nəşrin fikrincə, ölkənin gələcəyini müəyyənləşdirməkdə həlledici söz Ukraynaya məxsus olmalı, əldə ediləcək razılaşma onun müstəqilliyini və təhlükəsizliyini təmin etməlidir.

Samir
 

0