Azərbaycanda nağd xarici valyutaya tələbatın artması iqtisadi proseslər baxımından diqqətçəkən məqamlardandır.
Alış və satış arasındakı fərqin bu qədər yüksəlməsi əhalinin və biznes subyektlərinin xarici valyutaya marağının hansı səbəblərdən qaynaqlandığı sualını gündəmə gətirir. Faktiki olaraq, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda nağd xarici valyutanın alışı satışını 759 milyon ABŞ dolları üstələyib. Bu tendensiyanın arxasında xaricə səfərlər, idxal xərcləri, yığım məqsədi ilə valyuta almaq istəyi və məzənnə ilə bağlı gözləntilər kimi amillər dayana bilər.
Bəs nağd xarici valyutaya tələbatın artmasına təsir edən əsas səbəblər hansılardır?
İqtisadçı ekspert Asif İbrahimov Hit.az-a açıqlamasında deyib ki, bu göstərici ölkədə valyuta bazarında təklifin tələbdən yüksək olduğunu və əhalinin xarici valyutaya münasibətində müəyyən dəyişikliklərin baş verdiyini göstərir:
“Hesab edirəm ki, bu tendensiyanın bir neçə iqtisadi səbəbi var. İlk növbədə, manatın ABŞ dollarına qarşı məzənnəsinin uzun müddətdir sabit qalması əhalinin valyuta seçimlərinə təsir edir. İnsanlar məzənnədə ciddi dəyişiklik gözləmədikdə və manatla bank əmanətlərindən daha yüksək faiz gəliri əldə etmək imkanı olduqda, yığımlarını dollar əvəzinə milli valyutada saxlamağa üstünlük verə bilirlər. Bu da əhalinin əlində olan nağd dolların bir hissəsinin satışa çıxarılmasına səbəb olur”.
Onun sözlərinə görə, ikinci mühüm faktor ölkəyə daxil olan xarici valyutanın həcmi ilə bağlıdır:
“Azərbaycanın enerji ixracından əldə etdiyi gəlirlər, xarici ticarətdə müsbət saldo və xaricdə yaşayan vətəndaşlarımızın ölkəyə göndərdiyi pul vəsaitləri valyuta təklifini artırır. 2026-cı ilin yanvar-sentyabr aylarında xarici ticarətdə müsbət saldo 10 milyard dollardan çox, pul baratları üzrə müsbət saldo isə təqribən 830 milyon dollar təşkil edib. Bu göstəricilər ölkəyə xarici valyuta daxilolmalarının yüksək olduğunu göstərir. Bundan başqa, əhalinin bank əmanətlərində dollarlaşma səviyyəsinin azalması da diqqət çəkir. Bu ilin sentyabrında rezident fiziki şəxslərin bank əmanətlərində dollarlaşma 25 faizə enib. Bu, əmanətlərdə manatın payının artdığını göstərir. Manatla əmanətlərin faiz gəlirliliyi də bu seçimə təsir edən amillərdəndir”.
Ekspert qeyd edib ki, valyuta bazarında müşahidə olunan proseslər yalnız nağd dollar alqı-satqısı ilə məhdudlaşmır:
“Qeyri-nağd valyuta bazarında da dollara tələbin zəifləməsi müşahidə edilir. Mərkəzi Bankın sədri Taleh Kazımovun biz ekspertlərlə görüşündə, eyni zamanda mətbuat konferansında verdiyi açıalamaya görə, oktyabr ayında keçirilən 7 valyuta hərracının 5-də dollara tələb qeydə alınmayıb. Digər iki hərracda isə ümumi tələb cəmi 4 və ya 5 milyon dollar olub. Bu göstəricilər ölkədə xarici valyuta təklifinin yüksək, dollara tələbin isə nisbətən zəif olduğunu göstərir”.
Həmsöhbətimiz onu da söyləyib ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının artması da mövcud vəziyyətin göstəricilərindən biridir:
“Bununla belə 759 milyon dollarlıq fərqi ölkədən kapital çıxışının azalması və ya iqtisadiyyata birbaşa investisiyaların artması kimi qiymətləndirməməliyik. Söhbət banklar və valyuta mübadiləsi məntəqələri vasitəsilə həyata keçirilən nağd valyuta əməliyyatlarının fərqindən gedir. Bu göstərici əhalinin bütün valyuta aktivlərini və ölkədəki ümumi kapital hərəkətini əhatə etmir.
Fikrimcə, hazırkı vəziyyət manatın sabitliyinə olan inamın, ölkəyə valyuta daxilolmalarının və əhalinin yığım davranışının birlikdə formalaşdırdığı iqtisadi mənzərədir. Lakin bu dinamikanın uzunmüddətli olması üçün Azərbaycanın enerji sektorundan asılılığı tədricən azaltması, qeyri-neft ixracını genişləndirməsi və yerli istehsalın rəqabət qabiliyyətini artırması vacibdir. Çünki valyuta bazarında sabitliyin qorunması yalnız neft və qaz gəlirlərindən asılı qalmamalıdır. İqtisadiyyatın müxtəlif sahələri davamlı xarici valyuta gəlirləri yaratdıqca ölkənin maliyyə dayanıqlığı da daha etibarlı olacaq”.
Sevinc


