Pompeydə tapılan qədim şkaf şəhər sakinlərinin gündəlik həyatına işıq saldı

DÜNYA
16:14 / 30.10.2026
60

Arxeoloqlar təxminən 2 min il əvvəl Vezuvi vulkanının püskürməsi nəticəsində kül altında qalan taxta şkafı bərpa edərək qədim Pompey sakinlərinin məişəti ilə bağlı maraqlı məlumatlar əldə ediblər. Tapıntılar arasında uşaq amuleti, sikkələr, ətir qabı, kosmetik vasitələr və mətbəx əşyaları yer alıb.

HİT.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.

Şkafın qalıqları Pompeyin ən işlək küçələrindən biri olan Via dell’Abbondanza üzərində yerləşən evdə aşkarlanıb. Mütəxəssislər əşyaları və taxta konstruksiyanın izlərini araşdıraraq onun ilkin görünüşünü bərpa edə biliblər.

Tapıntılar arasında xüsusi diqqət çəkən əşyalardan biri uşaqlar üçün hazırlanmış *crepundia* adlı muncuqlu boyunbağıdır. Sümük, şüşə pastası, gil və dağ büllurundan düzəldilən bu bəzək əşyalarında tanrı Bes və Merkuri təsvirləri, eləcə də əl, ayaq, şam qozası və üzüm salxımı formasında kiçik fiqurlar olub. Qədim Romada belə boyunbağılar uşaqlara qoruyucu amulet kimi hədiyyə edilir, eyni zamanda şaqqıldayan səsləri sayəsində böyüklərə uşaqların yerini müəyyənləşdirməyə kömək edirdi.

Şkafda maqqaş, ətir və ya məlhəm saxlamaq üçün kiçik şüşə qab, buxurdan, müxtəlif metal və keramika qablar da tapılıb. Metal çəki daşlarının aşkarlanması isə ev sakinlərindən ən azı birinin ticarətlə məşğul ola biləcəyini göstərir. Bundan başqa, hörmə qabın içərisində 38 bürünc sikkə aşkar edilib.

Arxeoloji kompleksin direktoru Qabriel Züxtriqel bildirib ki, evdə yaşamış şəxsin kimliyini dəqiqləşdirmək mümkün olmasa da, tapıntılar onun gündəlik həyatını daha yaxşı anlamağa imkan verir. Evin sahibi əşyalarını və pullarını özü ilə apara bilməyib. Bu isə Vezuvi püskürməsi zamanı sakinlərin şəhəri tərk etmək üçün kifayət qədər vaxtlarının olmadığını göstərir.

Qeyd edək ki, eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi Neapol yaxınlığındakı Pompey şəhərini kül və vulkanik materiallar altında qoyub. Nəticədə çoxsaylı tikililər, məişət əşyaları və divar yazıları əsrlər boyu qorunub saxlanılıb. Evin fasadı ilk dəfə 1912-ci ildə qazıntılar zamanı üzə çıxarılsa da, daxili otaqlar yalnız son illərdə aparılan genişmiqyaslı tədqiqatlar çərçivəsində araşdırılıb.

Samir

0