Kiçik və orta biznes iqtisadiyyatın inkişafında, yeni iş yerlərinin açılmasında və əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır.
Lakin sahibkarların fəaliyyətini genişləndirməsi üçün maliyyə resurslarına çıxış, vergi yükü və güzəştli kredit imkanları kimi məsələlər hələ də aktualdır. Bəs kiçik və orta biznesin inkişafına mane olan əsas çətinliklər hansılardır və bu sahədə sahibkarların imkanlarını genişləndirmək üçün hansı addımlar atılmalıdır?
İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, kiçik və orta biznesin inkişafı birbaşa qeyri-neft sektorunun və qeyri-neft ixracının genişlənməsi ilə bağlıdır:
“Kiçik və orta biznesin inkişafı, demək olar ki, qeyri-neft sektorunun inkişafı ilə eyni məna daşıyır. Qeyri-neft sektoru və ixracı inkişaf etdikcə kiçik və orta biznes də inkişaf edəcək. Bu sahədə maliyyə imkanlarına çıxış, vergi və inzibati yük, bürokratik maneələr kimi bir sıra problemlər mövcuddur.
Bütün bunlar mümkün qədər sadələşdirilməli, sahibkarlar üçün proqnozlaşdırıla bilən və rahat biznes mühiti yaradılmalıdır. Eyni zamanda, rəqabət mühitinin yaxşılaşdırılması da vacibdir. Çünki ölkədə rəqabət mühitinin yetərincə inkişaf etməməsi kiçik və orta biznesin böyüməsinə ciddi maneələr yaradır”.
O bildirib ki, kiçik və orta biznesin inkişafı üçün yalnız vergi güzəştlərinin tətbiqi kifayət etmir, bu sahədə kompleks yanaşmaya ehtiyac var:
“Vergi güzəştlərinin tətbiqi mümkündür, lakin bunu əsas həll yolu kimi qiymətləndirmək düzgün olmaz. Hətta vergilər sıfıra endirilsə belə, bu, kiçik və orta biznesin avtomatik inkişaf edəcəyi demək deyil. Burada dövlət satınalmalarında iştirak, iri bizneslərin təchizat zəncirinə qoşulmaq və sahibkarların fəaliyyət istiqamətləri ilə bağlı problemlər də var.
Bu məsələlərin hər biri ayrıca diqqət və həll tələb edir. Vaxtilə kiçik və orta biznesin inkişafı üzrə ayrıca agentlik yaradılmışdı, sonradan bu qurum digər struktura birləşdirildi və yeni qurum formalaşdırıldı. Ümid edək ki, yaradılan yeni struktur bu istiqamətdə daha effektiv fəaliyyət göstərəcək”.
Sevinc


