Nə üçün ayrıldığımız şəxsə qayıtmaq istəyirik?

SOSİAL
14:45 / 28.10.2026
193

“Bəzən bir insandan ayrılmağımıza baxmayaraq, hər şeyə rəğmən yenidən ona qayıtmaq istəyirik”. 

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, ağlımız bizə həmin münasibətin niyə bitdiyini xatırladır, yaşadığımız inciklikləri, qırıldığımız anları yada salır, amma qəlbimiz yenə də o insana tərəf çəkilir:

“Çünki insan münasibətlərdən yalnız fiziki olaraq ayrılmır, emosional olaraq da ayrılmalıdır. Bəzən münasibət bitir, amma həmin insana bağlanmağımız, onunla bağlı ümidlərimiz və zehnimizdə qurduğumuz gələcək hələ də davam edir. Bunun psixoloji səbəblərindən biri emosional bağlılıqdır. 

Beynimiz zamanla müəyyən bir insanı təhlükəsizlik, yaxınlıq, sevgi və aidiyyət hissi ilə əlaqələndirir. Həmin insan həyatımızdan çıxanda isə təkcə bir şəxsi deyil, onunla qurduğumuz gündəlik ünsiyyəti, vərdişləri və emosional tanışlığı da itiririk. Beyin tanış olana qayıtmağa meyilli olduğu üçün bəzən bizə ağrı verən münasibət belə, naməlum bir gələcəkdən daha rahat görünə bilər”.

Ekspertin sözlərinə görə, digər səbəb isə yarımçıq qalmış emosional ehtiyaclardır:
“Bəzən biz əslində həmin insanın özünü deyil, onun bizə verməsini gözlədiyimiz sevgini, diqqəti, dəyəri və qəbul edilmə hissini istəyirik. İçimizdə cavabsız qalan suallar olur: Niyə məni seçmədi? Niyə mənə istədiyim sevgini vermədi? Bəlkə bir gün dəyişər? Bəzən geri qayıtmaq istəyimiz həmin insanla yenidən münasibət qurmaqdan çox, keçmişdə yaşadığımız ağrını bu dəfə fərqli sonluqla tamamlamaq arzusundan qaynaqlanır. 

Bəzi münasibətlərdə sevgi ilə inciklik növbələşir. Bir gün özümüzü çox dəyərli, digər gün isə tamamilə dəyərsiz hiss edirik. Qarşı tərəfin bəzən yaxınlaşıb, bəzən uzaqlaşması insanda güclü gözlənti yarada bilər. İnsan növbəti dəfə sevgi və diqqət görəcəyi ümidi ilə münasibətdə qalmağa və ya geri dönməyə meyil edə bilər”.

Həmsöhbətimiz qeyd edib ki, bu, xüsusilə qeyri-sabit münasibətlərdə emosional bağlılığı gücləndirən amillərdən biridir:
“Bəzən də biz insanın özündən çox, onunla bağlı xatirələrimizə bağlanırıq. Birlikdə güldüyümüz anları, ilk günlərin həyəcanını, qurduğumuz xəyalları xatırlayırıq. Zaman keçdikcə zehnimiz münasibətin gözəl tərəflərini ön plana çıxarıb bizə yaşatdığı ağrıları arxa plana keçirə bilər. Beləcə, gerçək münasibətə deyil, onun bir vaxtlar necə olduğuna və gələcəkdə necə ola biləcəyinə bağlanırıq.

Burada özünə dəyər hissi də mühüm rol oynaya bilər. Bəzən bir insanın bizi seçməməsini özümüzün yetərsiz olmağımız kimi qəbul edirik. Ona geri dönmək, bizi yenidən seçməsini görmək və beləliklə, öz dəyərimizi təsdiqləmək istəyirik. Halbuki bir insanın bizi seçməsi və ya seçməməsi bizim dəyərimizi müəyyən etmir”.

Zəhra Zahidova diqqətə çatdırıb ki, sevilmək ehtiyacı ilə öz dəyərimizi kiməsə sübut etmək ehtiyacı eyni şey deyil:
“Bəs insan ayrıldığı şəxsə qayıtmaq istəyirsə, bu, hələ də onu sevdiyi deməkdirmi? Təbii ki Hər zaman yox. Bu istək sevgi ilə yanaşı, tənhalıqdan qorxmaq, itki hissi, vərdiş, emosional asılılıq, yarımçıq qalmış ümidlər və ya keçmişi dəyişdirmək arzusu ilə də əlaqəli ola bilər. 

Bəzən insan qarşısındakı şəxsi darıxır, bəzən onun yanında olduğu zaman özünü necə hiss etdiyini, bəzən də heç vaxt yaşaya bilmədiyi münasibət xəyalını darıxır. Buna görə ayrıldığımız insana geri dönmək istədiyimiz zaman özümüzü qınamaq əvəzinə, bu istəyin arxasında nə dayandığını anlamağa çalışmalıyıq”.

Mütəxəssis özümüzə bu sualları verməli olduğumuzu söyləyib:
“Mən həqiqətən bu insanla sağlam münasibət istəyirəm, yoxsa sadəcə onsuzluğun yaratdığı boşluqdan qaçıram? Mən onun indiki halını qəbul edirəm, yoxsa dəyişəcəyinə ümid etdiyim insana bağlanmışam? Bu münasibət mənə sevgi, güvən və rahatlıq verirdi, yoxsa daim özümü sübut etməyə məcbur edirdi? 

Çünki darıxmaq geri qayıtmalı olduğumuzun, sevmək isə mütləq birlikdə qalmalı olduğumuzun sübutu deyil. Bəzən insanı sevmək mümkündür, amma onunla sağlam münasibət qurmaq mümkün olmur. Sağalmağın bir hissəsi də bunu qəbul etməkdir. Məqsəd hisslərimizi inkar etmək deyil, həmin hisslərin bizi yenidən eyni ağrıya aparmasına imkan vermədən, öz ehtiyaclarımızı və sərhədlərimizi anlamaqdır”.

Pərviz

0