Avropaya Arktikadan soyuqları gəlir: Temperatur -12 dərəcəyədək enəcək

DÜNYA
15:45 / 30.10.2026
63

Noyabrın ilk günlərində Mərkəzi Avropada, o cümlədən Polşada kəskin hava dəyişikliyi gözlənilir. Noyabrın 5-dən etibarən bölgəyə Arktikadan soyuq hava kütlələri daxil olacaq və temperaturun bəzi ərazilərdə mənfi 12 dərəcəyədək düşəcəyi proqnozlaşdırılır.

HİT.az xəbər verir ki, bu barədə Polşanın “DobraPogoda24.pl” nəşri məlumat yayıb.

Proqnoza əsasən, həftənin sonunadək Polşada nisbətən mülayim payız havası davam edəcək. Gecə və səhər saatlarında temperatur 0-7 dərəcə, gündüz isə 8-13 dərəcə isti olacaq. Bəzi ərazilərdə, xüsusilə soyuq havanın toplandığı çökəkliklərdə zəif şaxta müşahidə edilə bilər.

Lakin noyabrın 5-i ətrafında vəziyyət dəyişəcək. Şimal və şərqdən keçəcək siklonun ardınca bölgəyə Arktikadan soyuq hava daxil olacaq. Daha sonra antisiklonun təsiri ilə hava açılacaq, bununla belə, gecələr və səhərlər temperatur daha da aşağı düşəcək.

Noyabrın 5-dən 11-dək gecə temperaturunun bir çox ərazidə mənfi 1-12 dərəcə arasında dəyişəcəyi gözlənilir. Yer səthində isə şaxta daha güclü ola bilər. Gündüz saatlarında temperatur əsasən 4-10 dərəcə isti olacaq. Cənubun dağlıq və dağətəyi ərazilərində daha aşağı göstəricilər qeydə alına bilər.

Bəzi bölgələrdə sutkalıq orta temperaturun 5 dərəcədən aşağı düşəcəyi, dağlıq ərazilərdə isə günboyu şaxtanın hökm sürəcəyi bildirilir.

Meteoroloqlar soyuq hava dalğasının ən azı bir həftə davam edəcəyini, lakin bu müddətin uzana biləcəyini istisna etmirlər.

Qeyd edək ki, Ukrayna Hidrometeorologiya Mərkəzinin proqnozuna görə, ölkədə noyabr ayında havanın orta temperaturu iqlim normasına uyğun olaraq 1-7 dərəcə isti təşkil edəcək. Yağıntıların miqdarının isə normanın 80-120 faizi həddində olacağı gözlənilir.

Samir

0