Bazarda saxta qızıllar var?

İQTİSADİYYAT
21:41 / 08.12.2023
269

Saxta qızıl məhsullarının satılması barədə məlumatlar gündən-günə artır. Alıcılar saxta qızılla xalis qızılı ayırd etməkdə çətinlik çəkirlər.

Məlumdur ki, ölkədə qızıl bazarına nəzarət edən Dövlət Əyar Palatası 5 il əvvəl ləğv olunub.

Əvvəllər ekspertlər alıcılara məsləhət görürdülər ki, saxta qızılı əsl qızıldan ayırmaq üçün üzərində mütləq Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatasının probunun olub-olmadığına diqqət etsinlər.

Çünki mallar Azərbaycana idxal olunarkən mütləq Əyar Palatasından keçməli idi. Qızıl malları Palatada dəqiqliklə yoxlanıldıqdan sonra üzərinə xüsusi problar vurulurdu.

Ancaq bu gün bu sahədə vəziyyət fərqlidir.  Belə ki, qızıl bazarında yeni fırıldağa əl atanlar var. Belə ki, qızıl boyunbağı və qolbaqların ilgəyində tərkibi şüşədən ibarət olan daşlar yerləşdirilir. Bu da zinət əşyasının çəkisinin ağır gəlməsinə səbəb olur.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Hit.az -a açıqlamasında bildirib ki, qızıl bazarı tamamilə nəzarətsiz durumdadır. Üstəlik Nazirlər Kabinetinin 114 saylı qərarına əsasən, qızıl və qızıl məmulatları geri qaytarılmayan, dəyişdirilməyən mallar siyahısındadır:

"Qanunvericiliyə görə, qızıl məhsulu aldınsa, xoşuna gəlmədisə nə qaytara, nə də dəyişdirə bilərsən. Bu qanun istehlakçıların ziyanınadır. Qızıl bazarı həddindən artıq korlanmış bir bataqlıqdır. Hər cür dələduzluqdan istifadə edilir. Nadir hallarda dürüst zərgərlər tapmaq olur. Çoxluqda götürsək, zərgərlər qızıla qatqılar qatır və dələduzluq edirlər".

Sevinc

0