Azərbaycan ümumtəhsil məktəblərində psixoloqların fəaliyyətinin təkmilləşdirilməsi və onlara rəsmi dərs saatlarının verilməsi müzakirələri son vaxtlar ölkəmizdə təhsilin keyfiyyətinin artırılması istiqamətində atılan mühüm addımlardandır. Ölkəmizdə şagirdlərin akademik göstəriciləri ilə yanaşı, onların psixoloji rifahı, təhlükəsiz məktəb mühiti və sağlam psixoloji inkişafı dövlət siyasətinin prioritetlərindən birinə çevrilib.
Mövzuyla bağlı deputat Ceyhun Məmmədov Modern.az-a danışıb. Onun sözlərinə görə fənn olaraq düşünülürsə ilk növbədə proqram hazırlanmalıdır.
"Hər məktəbdə psixoloq var və onların vəzifələri uşaqlara psixoloji dəstək göstərməkdir. Dərs keçirilməsi isə ciddi məsələdir. Bunun üzərində ciddi hazırlaşmalı və proqram hazırlanmalıdır.
Bu qərarın qəbul olunmasında, proqramın hazırlanmasında tələsməməliyik. Uşaqların dərs saatına təsirini həmçinin psixoloqlara müəyyən təlimlər əsasında dərs saatının verilməsi təmin olunmalıdır. Bütün bu məsələlər həllini tapdıqdan sonra addım atmalıyıq. Əks halda təhsildə bir neçə problemlərlə üzləşə bilərik".
Təhsil eksperti Elçin Əfəndi də mövzuyla bağlı qeyd edib ki, dərs saatı kimi tətbiq edə bilməsək də, heç olmasa inkişaf mərkəzləri yaradılmalıdır.
"Psixoloqlara dərs saatı verilərsə, yaş psixologiyası, uşaq psixologiyası, düzgün kommunikasiyanın qurulması, etik davranış qaydaları və s. mövzuda tədris oluna bilər. Həmçinin məktəblərdə psixologiya inkişaf mərkəzi və yaxud psixologiya reabilitasiya mərkəzi kimi bir mərkəz yaratmaq olar".
Ekspert həmçinin məktəblərdəki psixoloq problemini də dilə gətirib. O qeyd edir ki, Azərbaycan məktəblərində psixoloqlarla bağlı ciddi problemlərimiz var.
"Xüsusilə, bölgələrdə vəziyyət yaxşı deyil. Çünki bölgədəki məktəblərdə psixoloq yoxdur yaxud psixoloq vakant yerini tutan şəxsin psixologiya ilə əlaqəsi yoxdur. Yəni, fərqli ixtisas sahibidir, psixoloq kimi fəaliyyət göstərirlər. Bu yol verilməz haldır. Buna görə də düşünürəm ki, növbəti mərhələdə dərin islahat keçirilməlidir".


