Texasda 1836-cı ildəki məşhur döyüşdən qalan top mərmiləri tapıldı

DÜNYA
20:56 / 09.11.2026
31

ABŞ-ın Texas ştatında arxeoloqlar 1836-cı ildə baş vermiş məşhur Alamo döyüşünə aid olduğu ehtimal edilən iki bütöv top mərmili aşkar ediblər. Tapıntılar Texas tarixinin ən mühüm hadisələrindən biri hesab olunan döyüşlə bağlı yeni məlumatlar əldə etməyə imkan yarada bilər.

HİT.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Alamo Trust Fondunun nümayəndələrinin sözlərinə görə, mərmilər ərazidə davam edən arxeoloji qazıntılar zamanı üzə çıxarılıb. Tapılan mərmilərdən birinin diametri 4,5 santimetr, digərinin isə 8,2 santimetrdir.

Alamo döyüşü 23 fevral – 6 mart 1836-cı il tarixlərində Texas inqilabı zamanı baş verib. Həmin vaxt Deyvi Kroket və Uilyam B. Trevisin də daxil olduğu Texas qüvvələri sayca üstün Meksika ordusuna qarşı 13 gün müqavimət göstərib. Döyüş meksikalıların qələbəsi və Texas müdafiəçilərinin məğlubiyyəti ilə nəticələnib. Lakin bu hadisə sonradan Texas inqilabının əsas birləşdirici simvollarından birinə çevrilib.

Tapıntıların maraqlı tərəfi isə mərmilərin hansı orduya məxsus olması ilə bağlı suallardır. Alamo Trust Fondunun baş arxeoloqu Tiffani Lindlinin sözlərinə görə, ərazidə əvvəllər aşkarlanan üç top mərmisi bürüncdən hazırlanıb. Bu materialdan Meksika ordusunun istifadə etdiyi məlum olduğundan, onların meksikalılara məxsus olduğu ehtimal edilir.

Arxeoloqlar yeni tapılan mərmilərin də döyüşlə əlaqəsini bir neçə sübut əsasında qiymətləndirirlər. Bunlara artefaktların aşkarlandığı torpaq qatının xüsusiyyətləri, yaxınlıqda tapılan müşket güllələri və silah hissələri daxildir. Qazıntı sahəsindəki torpaq qatının dərinliyi də əşyaların daha qədim dövrə aid olduğunu göstərir.

Lindlinin bildirdiyinə görə, tarixçilər tapıntıların Alamo ərazisinin kənarında yerləşən Meksika artilleriya mövqeyinin yaxınlığında aşkarlandığını müəyyənləşdirməyə kömək ediblər.

Arxeoloq qeyd edib ki, qazıntılar geniş ərazidə davam edir və tədqiqatlar irəlilədikcə 1836-cı il döyüşü ilə bağlı yeni tarixi əşyaların tapılması ehtimalı artır.

Samir
 

0