Taksinin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb - Bakı neçənci yerdədir?

İQTİSADİYYAT
23:32 / 06.11.2026
34

Dünyanın müxtəlif şəhərlərində taksilərin minimum gediş haqqı üzrə göstəricilər açıqlanıb.

Yeniavaz.com məşhur “Numbeo” portalına istinadən xəbər verir ki, taksilərdə minimum gediş haqqının ən yüksək olduğu şəhər Kayman adalarının Corc-Taun şəhəridir. Bu şəhərdə taksiyə minməyin minimum qiyməti 18,89 dollar təşkil edir.

İkinci yerdə Finlandiyanın Helsinki şəhəri (16,15 dollar), üçüncü yerdə isə Danimarkanın Olborq şəhəri (14,21 dollar) qərarlaşıb. Danimarkanın digər şəhəri Odense də eyni qiymətlə dördüncü sıradadır. İlk beşliyi Norveçin Bergen şəhəri 12,68 dollarla tamamlayır.

Taksinin minimum gediş haqqının ən aşağı olduğu şəhərlər arasında Tunisin paytaxtı Tunis ilk sırada qərarlaşıb. Burada minimum gediş haqqı cəmi 0,30 dollar təşkil edir.

Ən ucuz şəhərlərin ilk beşliyinə həmçinin Cənubi Afrika Respublikasının Pretoriya (0,30 dollar), Tunisin Sous (0,33 dollar), Hindistanın Mumbay (0,35 dollar), Misirin İsgəndəriyyə və Qahirə şəhərləri (0,37 dollar) daxildir.

Azərbaycanın paytaxtı Bakı isə 481 şəhərin yer aldığı siyahıda 325-ci sırada qərarlaşıb. Bakıda taksinin minimum gediş haqqı 2,06 dollar (3 manat 50 qəpik) göstərilib.

Bu göstərici Bakıda taksiyə minərkən hesablanan minimum gediş haqqını ifadə edir. Məsafədən asılı olaraq sonradan əlavə ödənişlər hesablanır.

Keçmiş SSRİ və qonşu ölkələrdə taksilərin minimum gediş haqqı aşağıdakı kimidir:

Tehran (İran) – 0,50 dollar

Daşkənd (Özbəkistan) – 0,84 dollar

Bişkek (Qırğızıstan) – 0,86 dollar

Düşənbə (Tacikistan) – 1,08 dollar

Almatı (Qazaxıstan) – 1,11 dollar

Astana (Qazaxıstan) – 1,11 dollar

Tbilisi (Gürcüstan) – 1,15 dollar

Batumi (Gürcüstan) – 1,15 dollar

Ankara (Türkiyə) – 1,30 dollar

İstanbul (Türkiyə) – 1,30 dollar

İrəvan (Ermənistan) – 1,39 dollar

Minsk (Belarus) – 1,68 dollar

Dnepr (Ukrayna) – 1,76 dollar

Bakı (Azərbaycan) – 2,06 dollar

Kiyev (Ukrayna) – 2,20 dollar

Kişinyov (Moldova) – 2,24 dollar

Riqa (Latviya) – 3,37 dollar

Vilnüs (Litva) – 3,37 dollar

Moskva (Rusiya) – 3,68 dollar

Tallinn (Estoniya) – 6,17 dollar

 

0