Kəskin hava dəyişikliyi bazarda qıtlıq yaradacaq?

İQTİSADİYYAT
14:17 / 19.05.2026
100

Son günlər paytaxt və regionlarda müşahidə edilən dəyişkən, qeyri-sabit hava şəraiti kənd təsərrüfatı sahəsində müəyyən narahatlıqlar yaradıb. 

Xüsusilə yaz aylarında bəzi dağlıq və dağətəyi ərazilərə qar yağması, dolu hadisələrinin baş verməsi və sel təhlükəsinin artması aqrar sektora mümkün təsirləri yenidən gündəmə gətirib. İddia olunur ki, belə hava dəyişiklikləri əkin sahələrinə, meyvə bağlarına və məhsulun keyfiyyətinə mənfi təsir göstərə bilər. 

Maraqlıdır, kəskin hava dəyişiklikləri məhsul qıtlığı və bahalaşmaya gətirib çıxaracaq? 

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, yaz aylarında dağlıq ərazilərdə qar, dolu və sel riskinin artması kənd təsərrüfatı üçün ciddi narahatlıq yaradır: 

399796

“Bu dövr əksər bitkilər üçün vegetasiya mövsümünün başlanğıcıdır, yəni ən həssas mərhələdir. Dolu və şaxtalar meyvə bağlarına, xüsusilə ərik, gilas və alma çiçəklərinə böyük ziyan vura bilər. Bir gecəlik şaxta belə ilin bütün məhsulunu məhv edə bilər. Sel isə torpaq eroziyasına səbəb olur, əkilmiş sahələri su altında qoyur və toxumları yuyub aparır.

Məhsuldarlıq azaldıqda bazar qiymətləri avtomatik olaraq yüksəlir. Xüsusilə tərəvəz və meyvə qiymətlərinin may-iyun aylarında artması gözlənilə bilər. Yerli istehsalın azalması idxalın artmasına da səbəb ola bilər ki, bu da qiymətlərə əlavə təzyiq göstərir”.

Ekspert onu da əlavə edib ki, əkinçilər zərəri bərpa etmək üçün əlavə xərclərə (yenidən əkmə, gübrə, suvarma) məruz qalır, bu da onların gəlirliliyini aşağı salır: 

“Kiçik fermer təsərrüfatları üçün bu xüsusilə ağır ola bilər, çünki sığorta və ehtiyat imkanları məhduddur. Uzunmüddətli perspektivdə isə belə qeyri-sabit hava hadisələrinin tez-tez təkrarlanması fermerleri daha davamlı sortlara və örtük altı becərməyə keçməyə məcbur edəcək”.

Günel Cəlilova

0