Bankdan kredit almaq istəyən şəxsin maliyyə imkanları yalnız əvvəlki borcları ilə ölçülməyə bilər.
Azərbaycanda hazırlanmış yeni skorinq modeli bank kartlarından istifadə vərdişlərini də qiymətləndirməyə imkan yaradır. Bu yanaşma xüsusilə indiyədək kredit götürməyən, buna görə də bankların əlində ödəniş intizamı barədə məlumat olmayan şəxslər üçün əhəmiyyət daşıyır.
Yeni sistemin tətbiqi kredit müraciətlərinə baxılma qaydasını necə dəyişə bilər? Gündəlik xərclər və hesab üzrə pul hərəkəti şəxsin kredit almaq imkanlarına təsir göstərə bilərmi?
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında bildirib ki, kredit tarixçəsi borcalanın əvvəlki öhdəliklərini necə yerinə yetirdiyini müəyyənləşdirmək üçün əsas vasitələrdən biridir:

“Lakin əvvəllər kredit münasibətlərində iştirak etməyən şəxslər barədə bu məlumatlar olmadığından onların ödəmə qabiliyyətini qiymətləndirmək çətinləşir”.
Ekspert hesab edir ki, yeni model çərçivəsində bank kartları üzrə əməliyyatlar, hesaba daxil olan vəsaitlər və xərcləmə davranışı təhlil edilə bilər:
“Bu göstəricilər şəxsin maliyyə vəziyyəti barədə əlavə məlumat verərək kredit qərarının formalaşmasına kömək edə bilər. Belə mexanizmin tətbiqi kredit tarixçəsi olmayan şəxslərin bank xidmətlərindən yararlanmaq imkanlarını artıra bilər”.
Sevinc


