Siqaret satışına nəzarət niyə gücləndirilmir?

İQTİSADİYYAT
13:22 / 14.10.2026
152

Türkiyədə tütün məhsullarının satışına dair nəzarət tədbirlərinin sərtləşdirilməsi gündəmdədir.

Müzakirə olunan yeniliklərdən biri də siqaret alışının şəxsiyyət məlumatları əsasında həyata keçirilməsi ehtimalıdır. Bu addımın əsas məqsədi siqaret istifadəsinin məhdudlaşdırılmasıdır.

Bəs alıcıların şəxsiyyət məlumatlarının tələb edilməsi tütün istehlakının azalmasına real təsir göstərə bilərmi və belə bir təcrübənin Azərbaycanda tətbiqi nə dərəcədə mümkündür?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasında deyib ki, Azərbaycanda uzun illərdir tütün və tütün məmulatları haqqında qanunvericilik mövcuddur:

“Ölkə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tütünə qarşı Mübarizə üzrə Çərçivə Konvensiyasına qoşulub. Qanun qəbul edildikdən sonra ona dəfələrlə dəyişiklik edilib və tələblər sərtləşdirilib. Bununla belə, sonrakı illərdə qəlyan və elektron siqaret kimi məhsullar bazarda geniş yayılıb. Təxminən bir il əvvəl elektron siqaretlərlə bağlı da qadağa tətbiq edilib. Qanunvericilikdə siqaretlərin ədədlə satılmasının, təhsil və səhiyyə müəssisələrinin yaxınlığında satışının, eləcə də 18 yaşına çatmayanlara verilməsinin qadağan olunması kimi müddəalar nəzərdə tutulub.

Lakin bütün bu dəyişikliklərə baxmayaraq, Azərbaycanda qanunun icrası ilə bağlı ciddi problemlər qalır. Belə ki, marketlərə daxil olan alıcıları çox vaxt kassaların yanında açıq şəkildə nümayiş etdirilən siqaret məhsulları qarşılayır. Bu mənzərəyə dünyanın az sayda ölkəsində rast gəlinir. Oxşar vəziyyət yalnız Çində müşahidə edilir. Siqaretlərin bu şəkildə nümayiş etdirilməsi məhsulun özünün reklam vasitəsinə çevrilməsinə şərait yaradır. Halbuki siqaret reklamı qadağandır”.

412649

Müsahibin fikrincə, reklam haqqında qanunvericilikdə məhsulun özünün reklam daşıyıcısı sayılmaması ilə bağlı yanaşma bu sahədə paradoksal vəziyyət yaradır:

“Halbuki siqaretlərin açıq şəkildə nümayiş etdirilməsi istehlakçıların diqqətini cəlb edir və dolayısı ilə reklam funksiyası daşıyır. Bir sıra ölkələrdə siqaret satışına daha sərt nəzarət olunur. Məsələn, Rusiyada siqaretlərin satıldığı bölmələr örtülü şəkildə təşkil edilir və məhsullar açıq nümayiş etdirilmir. Manilada isə siqaretlər marketlərdə deyil, kiçik otaqlarda, xüsusi pəncərələr vasitəsilə satılır. İspaniyada da buna bənzər yanaşma mövcuddur.

Həmin ölkələrdə satış məntəqələrində reklam materiallarının yerləşdirilməsinə və yetkinlik yaşına çatmayanlara siqaret satılmasına məhdudiyyətlər qoyulur. Azərbaycanda qanunvericiliyə dəyişikliklər edilsə də, onların icrası lazımi səviyyədə təmin olunmur. Bu vəziyyət ölkədə istehlakçı hüquqlarının qorunması baxımından ciddi narahatlıq doğurur”.

Onun sözlərinə görə, digər problem isə qaçaqmal siqaretlərin bazarda mövcudluğudur:

“Qeyri-qanuni yollarla ölkəyə gətirilən və ya mənşəyi məlum olmayan siqaretlərin təhlükəsi ondadır ki, onların istehsal mənbəyi və keyfiyyəti barədə etibarlı məlumat əldə etmək çətin olur. Bu isə istehlakçıların sağlamlığı üçün əlavə risk yaradır.

Azad İstehlakçılar Birliyinin 30 illik fəaliyyəti ərzində filtrli siqaret istehsal edən dörd müəssisənin fəaliyyətinin dayandırılmasına nail olmuşuq, amma bu proses zamanı ciddi təzyiqlərlə üzləşmişik. Həmin müəssisələrin işçiləri və sahibkarları tərəfindən müxtəlif maneələr yaradılıb. Təxminən 8 il əvvəl Şəkidə təhlükəli hesab edilən siqaretlərin istehsalı ilə məşğul olan yeni şirkət fəaliyyətə başlayıb. Həmin müəssisədə “Karvan” və “Marhal” markalı siqaretlər istehsal edilib”.

Türkiyədə siqaret satışına nəzarətin gücləndirilməsi və alıcılardan şəxsiyyət məlumatlarının tələb olunması ehtimalına gəlincə, birlik sədri belə bir addımın əhəmiyyətli olduğunu düşünür:

“Azərbaycanda illik siqaret tələbatı 10 milyard ədəd və ya daha çox qiymətləndirilir. Türkiyə ilə müqayisədə bu göstərici aşağıdır. Eyni zamanda Türkiyənin dünyada siqaret istehlakının yüksək olduğu ölkələrdən biridir. Xüsusilə qadınlar arasında siqaret istifadəsinin artması narahatlıq doğurur. Türkiyədə qadınlar arasında yayılan bu tendensiya Azərbaycan qadınlarına da sürətlə təsir göstərir.

Azərbaycanda da siqaret satışının şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilməsi faydalıdır. Belə, belə bir mexanizmin ölkədə tətbiq ediləcəyini düşünmürəm. Mövcud qanunların icrasında problemlər var, sahibkarlıq subyektlərinə nəzarətin zəifləyib və yoxlamalara qoyulan məhdudiyyətlər istehlakçı hüquqlarının müdafiəsinə mənfi təsir göstərir”.

E. Hüseynov əlavə edib ki, istehlakçı şikayətləri daxil olduqda və ya mediada konkret pozuntularla bağlı materiallar dərc edildikdə, müvafiq sahibkarlıq subyektlərində yoxlamaların aparılması mexanizmi bərpa olunmalıdır:

“Bu, həm istehlakçıların hüquqlarının qorunmasına, həm də media və ictimai təşkilatların qaldırdığı problemlərin diqqətdən kənarda qalmamasına xidmət edər. İstehlakçı hüquqlarının müxtəlif sahələrdə pozulması davam edir və siqaret satışı da bu baxımdan istisna deyil.

Azərbaycanda siqaret satışına nəzarətin gücləndirilməsi istiqamətində ilk addım məhsulların satış məntəqələrində açıq nümayişinin qarşısının alınması ola bilər. Siqaretlərin görünən yerlərdə sərgilənməsinə son qoyularsa, gələcəkdə satışın daha sərt qaydalarla tənzimlənməsi istiqamətində də irəliləyiş əldə etmək mümkün olar”.

Sevinc

0