“Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun və artan diplomatik çəkisinin daha bir mühüm göstəricisidir”.
Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu mötəbər tədbirin ölkəmizdə təşkili Azərbaycanın yalnız regional deyil, qlobal miqyasda etibarlı tərəfdaş və mühüm dialoq məkanı kimi qəbul edildiyini nümayiş etdirir:
“Dünyanın müxtəlif dövlətlərinin yüksək səviyyəli nümayəndələrinin Bakıya toplaşması ölkəmizin sülh, təhlükəsizlik, qarşılıqlı etimad və əməkdaşlıq gündəliyinin formalaşdırılmasında fəal rol oynadığını təsdiqləyir. Azərbaycanın AQEM çərçivəsində fəaliyyəti xüsusilə böyük əhəmiyyət daşıyır.
Ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub arasında yerləşən mühüm geosiyasi və nəqliyyat qovşağı kimi dövlətlərarası əlaqələrin inkişafına mühüm töhfələr verir. Azərbaycanın təşəbbüsləri göstərir ki, ölkəmiz beynəlxalq münasibətlərdə qarşıdurma və parçalanma deyil, dialoq, əməkdaşlıq, qarşılıqlı hörmət və etimadın möhkəmləndirilməsini prioritet hesab edir”.
Ekspert qeyd edib ki, Bakı Zirvəsi həm də Azərbaycanın artan diplomatik imkanlarının və Prezident İlham Əliyevin həyata keçirdiyi fəal, çevik və milli maraqlara əsaslanan xarici siyasətin nəticəsidir:
“Azərbaycanın müxtəlif siyasi mövqelərə malik dövlətləri eyni platformada bir araya gətirməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində qazandığı etimadın bariz nümunəsidir. Bu baxımdan Bakı yalnız tədbirə ev sahibliyi edən şəhər deyil, həm də mühüm beynəlxalq dialoqun aparıldığı siyasi mərkəz kimi çıxış edir.
Zirvə çərçivəsində müzakirə olunan təhlükəsizlik, regional sabitlik, iqtisadi əməkdaşlıq, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı və qarşılıqlı etimadın gücləndirilməsi kimi məsələlər Azərbaycanın xarici siyasət prioritetləri ilə də tam səsləşir. Xüsusilə indiki mürəkkəb geosiyasi şəraitdə dövlətlər arasında etimad mühitinin qorunması və əməkdaşlıq imkanlarının genişləndirilməsi olduqca vacibdir. Azərbaycan öz nümunəsi ilə göstərir ki, müxtəlif maraqları bir araya gətirmək, ortaq məxrəc tapmaq və konstruktiv dialoq üçün əlverişli mühit yaratmaq mümkündür”.
Jalə Əliyeva vurğulayıb ki, belə mötəbər beynəlxalq tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın təşkilati imkanlarını, siyasi sabitliyini və təhlükəsizliyini də nümayiş etdirir:
“Ölkəmizin son illərdə COP29, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası və digər mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi Azərbaycanın qlobal diplomatiyada mövqeyinin daha da möhkəmləndiyini göstərir. AQEM Zirvəsi də bu baxımdan Azərbaycanın beynəlxalq tədbirlər diplomatiyasının növbəti uğurlu nümunəsidir.
Əminliklə deməliyik ki, AQEM-in 7-ci Zirvə Toplantısı Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi, yeni əməkdaşlıq imkanlarının yaranması və ölkəmizin sülh və təhlükəsizlik gündəliyinə töhfələrinin genişlənməsi baxımından mühüm siyasi hadisədir. Bakıdan verilən mesaj əslində çox aydındır: Azərbaycan qarşıdurmaların deyil, dialoqun; təcridin deyil, əməkdaşlığın; etimadsızlığın deyil, qarşılıqlı hörmətin tərəfdarıdır. Bu isə Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada getdikcə daha fəal və nüfuzlu aktora çevrildiyini bir daha təsdiqləyir”.
Elmir Mustafa



