Bu gün “Sabah” Çempionlar Liqasının əsas mərhələsində ilk ev oyununa çıxır.
Rəqibimiz isə Çexiyanın “Slaviya Praq” komandasıdır. Həyəcanla gözlənilən matç saat 20:45-də başlayacaq. Rəqibin digərləri isə müqayisədə çox güclü olmaması komandamıza olan inamı artırır. Azarkeşlər “Sabah”ın bu matçda liqa mərhələsindəki ilk qollarını vuracağını və ilk xallarını alacağını düşünür. Yəni çempionumuzdan qələbə, ən pis halda isə bərabərlik gözləyirik.
Futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlamasında bildirib ki, bu gün əsl futbol bayramıdır:
“Azarkeşlərimizin Bakıda Çempionlar Liqasının himnini eşidəcəklər. Lakin liqa mərhələsində zəif komanda anlayışı olmur. Yalnız nisbi olaraq - məsələn, “Barselona”, “Borussiya Dortmund”, “Arsenal”, “Mançester Yunayted” kimi komandalarla müqayisədə bəlkə də “Slaviya” qələbə qazana biləcəyimiz və ya xal götürə biləcəyimiz bir komanda kimi bizə daha yaxın ola bilər.
Əslində, hər iki komanda bir-birinə bu gözlə baxır. İstər “Slaviya”, istərsə də “Sabah”ın bu matçda xal qazanmaq ehtimalları var. Məncə, “Slaviya”nın uzun müddətdir Çempionlar Liqasında xal ala bilməməsi təsadüfdür. Ancaq ümid edirəm ki, bu seriya komandamızla oyunda da davam edəcək. Buna baxmayaraq, çətin matç olacağı açıq-aşkar gözlənilir”.
Ekspert oyundan gözləntilər barədə də danışıb:
“Düşünürəm ki, bu oyunda hər iki komandanın eyni dərəcədə qalib olma ehtimalları var. Baxmayaraq ki, biz evdə oynayırıq, amma qarşımızda da çox ciddi rəqib var. Bu baxımdan, hər iki komandanın şanslarını yarı-yarıya dəyərləndirirəm. Üstəlik, komandaların hər ikisi daxili çempionatlarında da yaxşı çıxış edirlər. Ümumilikdə isə həm “Sabah”ın, həm də “Slaviya”nın üstün və mənfi tərəfləri var. Bir tərəfdən güclü hücum xəttinə malik olan, cinahları sürətli olan bir komanda, digər tərəfdə isə davamlı pressinq edən komanda var.
Bu iki fərqli oyun üslubunda oynayan komandaların oyunu yalnız xırda detallarda həll oluna bilər. Bu detallardan biri bəlkə bizim azarkeş kütləmizdir. Bəlkə Bakıda Olimpiya Stadionunda rəqibimizə izdiham yaşada bilsək bunu cüzi də olsa üstünlüyə çevirə bilərik. Digər tərəfdən, biz daha çox topa nəzarət eləməliyik. Çünki topa daha çox nəzarət etdiyimiz halda bizim cinah hücumçularımız effektli ola bilərlər”.
Həmsöhbətimiz hesab edir ki, “Sabah”ın qol şansları çox olacaq:
“Ancaq onun nə qədərini qola çevirə biləcəyimizi bilmirəm. Bizim üçün ən təhlükəli məqamlar rəqibin sürətli əks-hücumları ola bilər. Yəni bütün şanslar əlli-əlliyə gəlib çıxır. Bir tərəfdən onlar, digər tərəfdən biz üstün ola bilərik. Oyunu səbirsizliklə gözləyirəm. Mənə görə, bu matç əslində həriyə bir xal qazana biləcək oyundur. Hərçənd ki, xırda detalların sonda nəyə gətirib çıxaracağını təxmin etmək çox çətindir”.
Pərviz



