“Sabah”ın tarixi qələbəsi STATİSTİKALARLA

İDMAN
11:30 / 14.10.2026
253

Azərbaycan çempionu “Sabah” ötən gün Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxıb.

Hit.az bildirir ki, təmsilçimiz liqa mərhələsində Bakıdakı ilk matçında Çexiyanın “Slaviya” klubu ilə qarşılaşıb.

Tarixi qələbə
Komandamız oyuna yaxşı başlayaq 17-ci dəqiqədə Kahem Parrislə önə keçsə də, qol cüzi oyundankənar vəziyyət səbəbi ilə VAR-ın müdaxiləsi nəticəsində ləğv edilib. Buna baxmayaraq, ruhdan düşməyən komandamız 49-cu dəqiqədə hesabda önə keçib. Parrisin qolu bu dəfə qeydə alınıb. 

Bu, “Sabah”ın Çempionlar Liqasındakı ilk qolu olub. 88-ci dəqiqədə isə Coy-Lens Mikels qapıçının öndə olduğunu görərək uzaq məsafədən topu qapıya göndərib. Nəticədə oyunun sonlarında xeyli üstün oynayan təmsilçimiz 2-0 hesabı ilə qalib gəlib.

Rekord göstərici
“Sabah”ın Çempionlar Liqasında vurduğu ilk qollar “Slaviya” ilə maçta təsadüf edib. Həmçinin, “bayquşlar”ın Çempionlar Liqasında qazandığı ilk xallar və ilk qələbə də dünən qeydə alınıb. Üstəlik, komandamız bu uğura Bakıda keçirdiyi ilk matçda imza atmağı bacarıb. 

Azərbaycan yüksəldi
Bundan başqa, dünənki qələbə Azərbaycan klublarının bu mövsüm avrokuboklardakı 14-cü qələbəsi olub. Bu isə rekord göstəricidir. Hətta ölkəmiz bu qələbədən sonra UEFA sıralamasında İsraili keçərək 24-cü pilləyə yüksəlib.

Matçın statistikaları
“Sabah” topla oynamada 45-55 faiz nisbəti ilə geridə olub. Qapıya zərbələrdə də geridə qalmışıq: 13-18. Dəqiq pas ötürmələrində də anoloji statistika qeydə alınıb: 341-404. Lakin qapıçı qurtarışlarında öndəyik: 6-4. “Sabah” 1, “Slaviya” isə 5 dəfə böyük şansdan yararlana bilməyib. 

Ev sahibləri 3, rəqib isə 6 dəfə küncdən zərbə yerinə yetirib. Bundan başqa, oyunda toplam 29 dəfə qayda pozulub. Komandamızın futbolçuları 3, Çexiya təmsilçiləri isə 2 dəfə sarı vərəqə ilə cəzalandırılıb. Matçda qırmızı vərəqə çıxmayıb.

Oyunun ən yaxşısı
Coy-Lens Mikels matçın oyunçusu seçilib. O, karyerasında ilk dəfə bu mükafata layiq görülüb. 

Təbriklər, “Sabah”! Sizinlə qürur duyuruq!

Elmir Mustafa

0