Partiya sədri dünyəvi təhsilin əhəmiyyətindən DANIŞDI

TƏHSİL
13:22 / 15.10.2026
251

“Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində göstərilir ki, hər bir vətəndaşın təhsil almaq hüququ var və dövlət bu hüququn həyata keçirilməsi üçün zəruri təminatlar yaradır”.

Bu sözləri Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, eyni zamanda, Konstitusiyanın 25-ci maddəsində bərabərlik hüququ təsbit olunub, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi elan edilib:


“Bütün bunlar göstərir ki, orta məktəblərdə tədrisin təşkili zamanı bütün Azərbaycan vətəndaşları bərabər hüquqa malik olmalıdırlar. Bu müddəaların həyata keçirilməsi məqsədilə bir sıra qanunlar qəbul edilib.

Bunların içərisində “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu və Nazirlər Kabinetinin məktəbli formalarına dair qərarlarını xüsusi qeyd etmək lazımdır. Nazirlər Kabinetinin 2026-cı il sentyabrın 21-də qəbul etdiyi 309 saylı qərarı ilə ümumi təhsil müəssisələrinin şagird geyimi formalarına dair qaydalar yenidən təkmilləşdirilib”. 

Siyasətçi diqqətə çatdırıb ki, həmin qərarda orta məktəblərdə vahid geyim elementlərinin pozulmasına yol verilmədiyi, ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadənin qadağan olunduğu və valideynlərin uşaqlarının müəyyən edilmiş geyim qaydalarına riayət etmələrini təmin etməli olduğu qeyd olunur:
“Azərbaycanda məktəblər dünyəvilik xarakteri daşıyır. Bu dünyəvilik xarakterinin formalaşmasında həm təhsil-tədris prosesi, həm də geyim qaydaları mühüm rol oynayır və nəzərə alınmalıdır. Dünyəvilik dövlət təhsilinin hər hansı dini hökm və ya dini qurumun tələblərinə əsasən idarə olunmamasını ifadə edir.

Məktəbli forması isə təhsil müəssisələrində qüvvədə olan geyim qaydalarına riayət olunmasını təmin edir. “Təhsil haqqında” Qanunda da göstərilir ki, Azərbaycan Respublikası təhsil prosesində dünyəviliyi, bərabərliyi, humanizmi və azad düşüncə ruhunda tərbiyəni təhsil siyasətinin əsas prinsipləri kimi müəyyən edir”.

Partiya sədri qeyd edib ki, təhsil alanlara qarşı fiziki və psixoloji zorakılığa yol verilməsi qadağan olunur:
“Bu o deməkdir ki, orta məktəblərdə məktəbli formasının tətbiqi həm Konstitusiyadan, həm də digər qanun və qərarlardan irəli gələn tələblərin yerinə yetirilməsini təmin etməlidir. Nəticə etibarilə, Azərbaycanda dini təhsil ilə dünyəvi təhsil bir-birindən ayrı olmalıdır. Dünyəvi təhsilin orta məktəblərdə tətbiqi ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri tam şəkildə yerinə yetirilməlidir”.

Elmir Mustafa

0