Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında keçirilən görüş çərçivəsində iqtisadiyyat, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinə dair bir sıra sənədlər imzalanıb.
Razılaşmaya əsasən, Bakı-Tiflis-Qars dəmir yolu xətti üzrə Bakı–Tiflis–Bakı marşrutunda gündəlik sərnişin qatarlarının fəaliyyəti mayın 26-dan etibarən bərpa olunur. Əlbəttə ki, Bakı-Tiflis qatarının fəaliyyətə başlaması da turizmin yenidən canlanması deməkdir.
Turizm üzrə ekspert Elçin Rüstəm Hit.az-a açıqlamasında deyib ki, Bakı-Tbilisi marşrutu üzrə qatar reyslərinin bərpası regionda turizm əlaqələrinin genişlənməsi baxımından mühüm addımdır:
“Sərnişin daşımalarının yenidən aktivləşməsi xüsusilə daha sərfəli səyahət imkanlarına üstünlük verən turistlərin Azərbaycana marağını artıra bilər. Bir çox xarici turist Qafqaz ölkələrinə səfər zamanı hava nəqliyyatı əvəzinə daha münasib qiymətə başa gələn dəmir yolunu seçdiyi üçün Bakıya gələnlərin sayında artım gözlənilir. Bununla yanaşı, Gürcüstanda yaşayan azərbaycanlıların və qonşu ölkə vətəndaşlarının da bu marşruta maraq göstərəcəyi ehtimal edilir”.
Ekspert hesab edir ki, dəmir yolu əlaqəsinin açılması daxili turizm və xidmət sahəsinə də müəyyən müsbət təsir göstərə bilər:
“Bu səbəbdən yaxın aylarda həm Azərbaycana gələnlərin, həm də xarici ölkələrə üz tutan insanların sayında artım müşahidə oluna bilər. Gələcəkdə regionda nəqliyyat əlaqələrinin daha da genişlənməsi və quru sərhədlərlə bağlı məhdudiyyətlərin aradan qalxması ilə turizm dövriyyəsininin daha da sürətlənməsi mümkündür”.
Günel Cəlilova


