Azərbaycanda problemli kreditlər artıb

İQTİSADİYYAT
14:42 / 22.05.2026
44

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2026-cı il aprel ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz artaraq, milli valyuta ekvivalentində 32312,9 milyon manat təşkil edib.

HİT.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Ümumi kredit portfelinin 26309,9 milyon manatı və ya 81,4 faizi uzunmüddətli kreditlərin payına düşür. Kreditlərin 93,8 faizi banklar, 6,2 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. 

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 28,7 faiz artaraq 619,6 milyon manat olub və ümumi kredit portfelinin 1,9 faizini təşkil edib.

Mərkəzi Bankın məlumatına görə, fiziki şəxslərin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz artaraq 2026-cı il aprel ayının 1-nə milli valyuta ekvivalentində 16960,4 milyon manat təşkil edib. Əmanətlərin 69,6 faizi milli, 30,4 faizi xarici valyutada qoyulub, milli valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,0 faiz, xarici valyutada olan əmanətlərin məbləği isə 3,5 faiz artıb.  

Aprel ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 Avroya 1,99 (1,99) manata, 100 Türk lirəsinə 3,80 (3,87) manata, 100 Rus rubluna 2,21 (2,18) manata bərabər olub. 

0