Dünya bazarında buğdanın qiyməti artıb.
Belə ki, Qara dəniz regionundan yük daşımalarının dayanma həddinə çatması buna ciddi təsir edib. Hətta bu artım tam 40 faizdir. Bu isə son 3 ilin ən yüksək göstəricisidir. Təəssüdf ki, bu da öz növbəsində Azərbaycanda da çörək və un məhsullarının bahalaşması ehtimalını gündəmə gətirib.
Bəs buğda qiymətləri niyə yüksəlib və bu artım yerli bazara təsir göstərə bilər?
İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, dünyada taxıl qiymətlərinin artması Azərbaycana da tədricən təsir göstərə bilər:

“Avqust ayında taxılın qiyməti iyulla müqayisədə 2,2 faiz artaraq 2024-cü ilin mayından bəri ən yüksək səviyyəyə çatıb. Buğdanın qiyməti də ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 15 faiz bahalaşıb. Təbii ki, bunlar idxalçıların taxıl idxalı ilə bağlı xərclərini artırır və bu da tədricən çörəyin, un və digər taxıl məhsullarının qiymətlərinə təsir göstərəcək”.
Ekspert qeyd edib ki, qiymət artımının Azərbaycanda dərhal hiss olunmamasının səbəblərindən biri əvvəlcədən bağlanmış müqavilələrdir:
“Məsələn, hansısa şirkətin Rusiyadakı şirkətlə müəyyən qiymət üzrə müqaviləsi varsa, həmin öhdəlik icra olunandan sonra yeni müqavilə artıq yeni qiymətlə bağlanır. Ona görə də dünyada baş verən taxıl qiymətlərindəki artım bizim bazara da tədricən təsir göstərəcək”.
Sevinc


