Bahalaşma təkcə ailələrin gündəlik xərclərini deyil, şəxsi münasibətlərini və gələcəyə dair qərarlarını da dəyişir.
Artan qiymətlər fonunda ailə qurmaq, övlad sahibi olmaq, ev almaq və digər mühüm planları reallaşdırmaq daha çətinləşə bilir. Bəs maddi çətinliklər insanların ailə münasibətlərinə və evlilik qərarlarına necə təsir edir?
Sosioloq Mətləb Salahov Hit.az-a açıqlamasında bildirib ki, son on ildən çoxdur Azərbaycanda səssiz qiymət artımı baş verir:
“Xüsusilə bu proses iri supermarketlərdə hər həftə qəpik artımı, daha sonrakı aylarda isə manat artımı ilə müşahidə olunur. Sanki market sahibləri, daha doğrusu monopolistlər insanları qiymət artımına öyrəşdirə-öyrəşdirə, ciddi etiraz doğurmayan şəkildə süni qiymət artımını reallaşdırmağa üstünlük verirlər.
Lakin həmin marketlərdə əsas işçi qüvvəsi 17-28 yaş arası gənclərdir. Səssiz qiymət artımı aparan həmin market sahibləri tabeliyindəki gənclərə 400-600 manat arası əmək haqqı verirlər. Hətta həmin işçi personalına gündəlik bir neçə iş gördürürlər.
Ölkəmizdə qiymət artımı baş verir, amma əvəzində bir çox sahədə maaşlar illərlə yerində saymaqda davam edir. Bu amil isə birbaşa ailə münasibətlərinə, ailə səbətinə və ailə planlaşdırmasına güclü təsir edir”.

Ekspert qeyd edib ki, bu gün Azərbaycanda ailə qurmaq istəyən gənclərin sayı azalıb:
“Evlənmək istəyən yox, əvəzində boşanma prosesi sürətlə davam edir. Dövlət Statistika Komitəsinin son açıqlamasında hətta boşanmaların sayının 50 faizin üstündə olduğu qeyd edilir. Hazırda ailə qurmaq yaşına çatan gənclərin tam əksəriyyəti ilk növbədə daha qazanclı iş axtarır ki, bu istək də onların sürətlə və davamlı olaraq ölkə xaricinə axın etməsinə səbəb olur. Çünki ölkəmizdəki aylıq 400-600, ən uzağı 700 manatlıq əmək haqqı ilə ailə dolandırmaq mümkünsüz məsələdir”.
Sosioloq əlavə edib ki, təkcə qış aylarında kommunal xidmətləri götürsək, azı 200 manat və yuxarı civarda xərclər yaranır:
“Gündəlik nəqliyyat pulu, ən vacib aylıq ərzaq xərclərini nəzərə alsaq, o zaman xeyir-şər yerlərinə getmək, sağlamlıq müayinələrindən keçmək artıq mümkünsüz məsələyə çevrilir. Ən vacibi odur ki, azgəlirli azərbaycanlı ailənin meyvə-tərəvəz, ət və balıq məhsullarından istifadəsi sadəcə arzu halına çevrilib. Azərbaycanda ailə var ki, övladlarına aylarla 1 kq ət alıb bişirə bilmir. Çünki hazırda bazarda ətin kiloqramı 19 manatdan 25 manat arasında dəyişir.
Bu isə ət və balıq məhsullarından qidalanmaq istəyini yuxarıda qeyd etdiyimiz kimi ancaq arzulamaq həddində saxlayır. Həmçinin, manatın alıcılıq qabiliyyətinin azalması əhalinin güzəranına birbaşa və dəhşətli şəkildə mənfi təsir göstərir”.
M. Salahov diqqətə çatdırıb ki, hazırda nəinki gəliri aşağı olan, hətta orta gəlirli Azərbaycan ailəsinin belə səyahət arzusu müşkül məsələdir:
“İşin qəribə tərəfi odur ki, Azərbaycanın daxilində, turizm bölgələrində istirahət etmək xarici ölkələrdəki turizm məkanlarına səfər etməkdən dəfələrlə baha başa gəlir. Təəssüf ki, hələ də ölkəmizdə turizm anlayışı yalnız bahalı otel və kotteclərin tikilib xidmətə verilməsi kimi başa düşülür. Yəni turizm xidməti barədə düşüncə və anlayış olduqca aşağı səviyyədədir. Əslində turizm imkanları müxtəlif sosial təbəqələrin imkanları nəzərə alınaraq qurulmalıdır.
Yəni ən müxtəlif qiymətlər həcmində xidmət paketləri mövcud olmalıdır. Lakin təəssüf ki, bizdə bu turizm xidməti kökündən mövcud deyil. Bizim turizm bölgələrində yalnız əlçatmaz qiymətlər var və istəsən də, istəməsən də hər il bahalaşan, xidməti isə aşağı səviyyəli “turizm bazarı” mövcuddur. Halbuki hər bir azərbaycanlı ailə Nabran, Qəbələ, İsmayıllı, Qusar kimi turizm bölgələrində təklif edilən bir həftəlik fantastik bahalı qiymətlərlə Antalyada və Gürcüstanın turizm şəhərlərində azı 10 gün və daha çox normal istirahət edə bilər”.
Həmsöhbətimiz söyləyib ki, bu, orta gəlirli azərbaycanlı ailəyə dair məsələdir:
“Azgəlirli azərbaycanlı ailə isə aldığı 500-700 manatlıq əmək haqqı ilə heç doğulub boya-başa çatdığı rayona, kəndə gedib valideynlərini və qohumlarını ziyarət etmək imkanına sahib deyil. Çünki qiymət artımı və manatın qüvvədən düşdüyü bir vaxtda bu əmək haqqı ilə öz övladı ilə şəhərin daxilindəki parklarda, uşaq əyləncə yerlərində vaxt keçirməyə belə maddi imkan yoxdur. Birsözlə, hazırkı qiymət artımı ailə planlaşdırmasından tutmuş qidalanma və səyahət imkanlarına qədər hər şeyi ailələr üçün əlçatmaz edir”.
Sevinc


