İnsanlar niyə bir-birinə güvənməkdə çətinlik çəkir?

SOSİAL
13:00 / 23.10.2026
182

Bəzən insanın kiməsə inanmaq istəyi ilə özünü qorumaq ehtiyacı arasında görünməz bir mübarizə gedir. 

Bir tərəfdən səmimi münasibət, anlayış və yaxınlıq axtarır, digər tərəfdən isə yanlış insana güvənib inciməkdən, məyus olmaqdan, zəif görünməkdən çəkinir. Beləcə, güvənmək sadəcə birinə inanmaq deyil, həm də özünü müəyyən qədər müdafiəsiz qoymaq məsələsinə çevrilir. İnsanlar zaman keçdikcə yalnız qarşılarındakının sözlərini deyil, niyyətlərini də sorğulamağa, səmimiyyətin arxasında gizli bir məqsəd axtarmağa başlayırlar. 

Bəs bizi bir-birimizə inanmaqdan çəkindirən nədir? Keçmişdə yaşadığımız məyusluqlar, xəyanət qorxusu, yoxsa insan münasibətlərində getdikcə artan ehtiyatlılıq? Ümumiyyətlə, güvənsizlik bizi yanlış insanlardan qoruyur, yoxsa doğru insanlarla aramızda da görünməz divarlar yaradır?

Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, insanların bir-birinə güvənməkdə çətinlik çəkməsinin arxasında təkcə xəyanət və ya aldadılmaq qorxusu dayanmır: 

413587

“Bəzən bu, uşaqlıqdan formalaşan münasibət təcrübələri, ailədə gördüyümüz davranışlar, keçmişdə yaşadığımız məyusluqlar və özümüzü emosional baxımdan qorumaq istəyimizlə bağlı olur. 

İnsan bir dəfə güvəndiyi şəxsdən zərər gördükdə, sonrakı münasibətlərdə də eyni hadisənin təkrarlanacağından ehtiyat edə bilər. Belə hallarda o, qarşısındakı insanı fərdi xüsusiyyətlərinə görə tanımaq əvəzinə, onu keçmişdə yaşadığı mənfi təcrübələrin süzgəcindən keçirir”.

Ekspert qeyd edib ki, güvənsizlik həmişə insanın qarşısındakına inanmaq istəməməsi demək deyil:

“Bəzən insan inanmaq istəyir, lakin bunun üçün özünü kifayət qədər təhlükəsiz hiss etmir. Çünki güvənmək müəyyən mənada nəzarəti bir qədər kənara qoymaq, hisslərini açmaq və qarşı tərəfin davranışından asılı vəziyyətə düşmək deməkdir. 

İnciməkdən qorxan insan isə bəzən heç kimə yaxınlaşmamağı daha təhlükəsiz seçim hesab edir. Beləliklə, onu mümkün məyusluqdan qoruyan ehtiyatlılıq zamanla yaxın münasibətlər qurmasına mane olan bir səddə çevrilə bilər”.

Psixoloq hesab edir ki, güvən problemi yeni deyil:

“Əvvəllər də xəyanət, yalan, aldanmaq qorxusu və münasibətlərdə məyusluq olub. Fərq ondadır ki, hər dövrün öz sosial şəraiti və münasibət qurmaq qaydaları var. Əvvəllər ailə, qohumluq və qonşuluq əlaqələri insanları bir-birinə daha sıx bağlaya bilərdi, amma bu, hər kəsin bir-birinə güvəndiyi anlamına gəlmirdi. 

Bəzən insanlar münasibətləri qorumaq, cəmiyyətin qınağından çəkinmək və ya başqa seçimləri olmadığı üçün etibarsız münasibətlərdə qalırdılar. Bu gün isə fərdi seçimlərə daha çox əhəmiyyət verilməsi və insanların münasibətlərini daha sərbəst qurması güvən məsələsini başqa formada gündəmə gətirir”.

Sevinc

0