Tikintidə vahid koordinasiya - Nələr dəyişəcək?

İQTİSADİYYAT
11:00 / 27.10.2026
113

Bakıda və ölkənin digər şəhərlərində tikinti sektorunun inkişafı, şəhərsalma prosesinin düzgün təşkili və əmlak bazarında sabitliyin qorunması üçün tikinti layihələrinin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. 

Bu sahədə vahid koordinasiya mexanizminin yaradılması tikinti prosesində mövcud olan problemlərin aradan qaldırılması, qurumlar arasında əməkdaşlığın gücləndirilməsi və qərarların daha çevik qəbul edilməsi baxımından yeni imkanlar yarada bilər. 

Qeyd edək ki, Prezident İlham Əliyev tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Komissiya yaradılması ilə bağlı Sərəncam imzalayıb.

Maraqlıdır, yeni mexanizm tikinti sektorunda hansı dəyişikliklərə səbəb olacaq, mövcud problemlərin həllinə və şəhərlərin planlı inkişafına necə təsir göstərəcək?

Əmlak eksperti Elnur Fərzəliyev Hit.az-a açıqlamasında deyib ki,  son dövrlərdə paytaxtda tikinti işlərinin əvvəlki dövrlərlə müqayisədə zəifləməsi də diqqət çəkir:

413879

“Əvvəllər demək olar ki, hər küçədə yeni tikililərin inşasına rast gəlmək mümkün idisə, hazırda bu cür layihələrə daha az təsadüf olunur. Tikinti prosesinin ləngiməsi isə əmlak bazarında qiymət artımına təsir göstərən amillərdən biridir və bunun əsas səbəblərindən biri sahədə rəqabətin azalmasıdır. Yaradılmış yeni komissiya vətəndaşların, xüsusilə də tikinti və əmlakın sənədləşdirilməsi sahəsində qarşılaşdıqları problemlərin həllində mühüm rol oynaya bilər”.

Ekspert qeyd edib ki, bunun həm ölkə iqtisadiyyatının inkişafına, həm də tikinti sektorunda yeni mərhələnin başlanmasına töhfə verməsi mümkündür: 

“İşğaldan azad edilmiş ərazilərdə uzun müddətdir genişmiqyaslı tikinti və bərpa işləri aparılır və bu proses digər bölgələrdə, xüsusilə Bakı və ölkənin iri şəhərlərində də tikintinin inkişafı ilə müşayiət olunmalıdır. Bu istiqamətdə atılacaq addımlar həm tikinti fəaliyyətinin canlanmasına, həm də fərdi yaşayış evlərinin plansız inşasının qarşısının alınmasına kömək edə bilər”.

Sevinc

0