Süni intellekt dövründə həqiqətin tapılması daha ciddi çağırışla üz-üzədir.
"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması" çərçivəsində keçirilən "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiyada deyib.
O qeyd edib ki, bu mənada, dezinformasiya əsas maneələrdən biridir:
"Bu yeni anlayış deyil. İndi görürük ki, bu çox geniş vüsət almaqdadır. Süni intellekt və sosial media bir növ bu fenomenin zənginliyini incələyən məqama çevrilib".
Prezidentin köməkçisi bu xüsusda beynəlxalq qanuna diqqət çəkib:
"Hazırda süni intellekt vasitəsilə ölkələrin daxili işlərinə belə qarışılır. Azərbaycan 30 il ərzində dezinformasiyaya qarşı mübarizə sistemi qurub. Çünki o zaman elə bir vəziyyət yaradılmışdı ki, sanki Azərbaycan başqa ölkənin torpağını işğal edib. Yəni dezinformasiya bizə yad deyil".
H. Hacıyev xatırladıb ki, CNN bir müddət əvvəl çox təhlükəli bir məsələ barədə məlumat yaymışdı:
"Bu elə bir məsələ idi ki, regionda vəziyyətə çox ciddi təsir edə bilərdi. Yəni bu peşəkar yanaşma deyildi. Azərbaycan bu situasiyada nə etdi? Qarşı tərəfdən açıqlama istədi, eləcə də məsələni BMT qarşısında qaldırdı. Lakin hələlik bu barədə cavab yoxdur".
O xatırladıb ki, CNN-in yaydığı məlumatı elə idi ki, sankı Azərbaycanda İsrail qüvvələri var və onlar lazım olsa İrana hücum edə bilər:
"Bu texniki olaraq belə mümkün deyil, bu tamamilə dezinformasiya idi".
Hikmət Hacıyev Azərbaycanın çox məhdud coğrafiyasının olduğunu da deyib:
"Jurnalist bunu yazarkən başa düşməlidir ki, bu texniki olaraq mümkün deyil".
Prezidentin köməkçisi bildirib ki, CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi:
"Onların iddiası ilə baxsaq, İsrail necə hərbi avadanlığı bura daşıya bilər? Bu olsa, bunu peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi".
O deyib ki, bu, Azərbaycan əleyhinə yönəlmiş dezinformasiya kampaniyasının tərkib hissəsi idi:
"Yəni, təkcə jurnalistlər və peşəkar media deyil, diplomatlar da bu dezinformasiyanın hədəfi oldular".


