“Müasir dövrdə telefon və planşetlər uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib”.
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
Lakin onun sözlərinə görə, əsas məsələ texnologiyadan hansı məqsədlə, neçə yaşda və nə qədər istifadə olunmasıdır:

“Uşaqların yaş həddi, ekran qarşısında keçirdikləri vaxtın miqdarı və məqsədi uşağın gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyır. Uşağın nitqi yalnız səsləri eşitməkdən ibarət deyil. Burada qarşılıqlı ünsiyyət həyati əhəmiyyət daşıyır.
Onların böyüklərlə danışması, suallar verməsi və suallarının cavablandırması olduqca vacibdir. Həmçinin, əşyaları göstərərək adlandırmaq uşağın söz ehtiyatını və fikrini ifadə etmək bacarığını inkişaf etdirir”.
Ekspert qeyd edib ki, uşaq uzun müddət ekran qarşısında heç bir ünsiyyət qurmadan, passiv şəkildə qaldıqda, nitq inkişafı üçün vacib olan ünsiyyət imkanları tədricən məhdudlaşır:
“Xüsusilə erkən yaşlarda bu məsələyə çox həssas və diqqətli yanaşmaq lazımdır. Sosial şəbəkələrdə surətlə dəyişən görüntülər, qısa videolar və davamlı stimullar uşağın diqqətini dərhal cəlb edir.
Lakin uşaq eyni zamanda bir fəaliyyət üzərində uzun müddət qala bilməyi, dinləməyi, düşünməyi və başladığı işi tamamlamağı öyrənməlidir. Üstəlik, ekran istifadəsi kitab oxumağı, sərbəst oyunu və hərəkəti əvəz etdikdə, istər-istəməz diqqət, öyrənmə və özünüidarəetmə ilə bağlı çətinliklər yaranır”.
Həmsöhbətimiz əlavə edib ki, uzun müddət yalnız telefondan ibarət mühitdə qalan uşaq hərəkətdən, oynamaqdan, qaçmaqdan və ünsiyyətdən uzaqlaşır:
“Nəticədə, hər telefon istifadə edən uşaqda dərhal diqqət və ya intellekt problemi yaranmasa da, nəzarətsiz qoyulduqda müəyyən çətinliklərin yaranması qaçınılmaz olur. Bəzi valideynlər isə uşaq ağlayanda, yemək yemək istəmədikdə və ya kapriz göstərəndə dərhal telefonu təqdim edirlər və saatlarla həmin telefon uşaqda qalır.
Uşaq hər narahatlıq zamanı sakitləşmək üçün ekrana ehtiyac duyursa, bu, onun emosiyalarını idarə etmək bacarığının inkişafına mane olur. Uşaqlar məyusluqla mübarizə aparmağı, gözləməyi və emosiyalarını tənzimləməyi mütləq şəkildə öyrənməlidirlər. Həddindən artıq ekran istifadəsi ailə üzvləri ilə ünsiyyətə, həmyaşıdlarla münasibətə, yuxu rejiminə, qidalanmaya və dil inkişafına mənfi təsir göstərə bilər”.
Psixoloq bildirib ki, uşağın gündəlik məsuliyyətlərini yerinə yetirməməsi, telefon əlindən alınarkən həddindən artıq aqressivləşməsi və ekransız digər fəaliyyətlərə marağın azalması narahatedici əlamətdir:
“Lakin bu davranışı təkbaşına “asılılıq” kimi qiymətləndirmək düzgün deyil. Valideynlər uşaqlar üçün alternativlər yaratmalıdır. Uşağa sadəcə “telefonu qoy kənara” demək kifayət etmir. Onun həyatında oyunlar, kitab oxumaq, açıq havada gəzinti və həmyaşıdlarla ünsiyyət kimi maraqlı alternativlər olmalıdır. Bundan başqa, canlı ünsiyyətə üstünlük verilməlidir.
Uşağın inkişafı üçün canlı ünsiyyət, sevgİ, oyun və emosional təmas vacibdir. Ümumiyyətlə, uşağın ekran qarşısında keçirdiyi vaxtı azaltmaq üçün onu real həyatda maraqlı və emosional cəhətdən zəngin fəaliyyətlərə cəlb etmək lazımdır. Unutmayın ki, telefon uşağa dünyanı göstərə bilər, amma həmin dünyanı uşaqla birlikdə kəşf edən valideynin və canlı ünsiyyətin yerini əvəz edə bilməz”.
Pərviz

