Qış aylarında evləri isti saxlamaq üçün müxtəlif üsullardan istifadə edirik. Lakin Yaponiyanın qədim ənənələrində və müasir sağlamlıq həyat tərzində elə bir qəribə detal var ki, eşidənləri təəccübləndirir: bir çox yapon hələ də soyuq aylarda yatarkən başlarına yüngül papaq və ya xüsusi gecə başlığı taxırlar.
Hit.az bildirir ki, ilk baxışdan evdə və yorğan-döşək içində papaqla yatmaq mənasız və hətta narahat görünə bilər. Ancaq bu adətin arxasında tamamilə elmi və tibbi səbəblər dayanır.
Niyə məhz başı isti saxlamaq lazımdır?
Tibbi araşdırmalar göstərir ki, insan bədəni istiliyinin təxminən 7 faizdən 10 faizə qədərini baş nahiyəsindən itirir. Xüsusilə otaq temperaturu gecə saatlarında düşdükdə, bədən istiliyini qorumaq üçün qanı əsasən daxili orqanlara yönəldir və nəticədə ətraflar – əllər, ayaqlar və baş soyuyur. Baş nahiyəsi soyuq olduqda, beyin bunu xəbərdarlıq kimi qəbul edir və dərin yuxu mərhələsinə keçid etmək çətinləşir.
Yaponların qədim dövrlərdən bəri tətbiq etdiyi başı isti saxlamaq vərdişi isə birbaşa aşağıdakı faydaları təmin edir:
Dərin yuxuya tez keçid
Başın və qulaqların temperaturu stabil olduqda damarlar genişlənir, beyinə “təhlükə yoxdur, rahatlaya bilərsən” siqnalı gedir. Bu, yuxuya getmə müddətini demək olar ki, yarıya endirir.
Səhər yorğunluğunun aradan qalxması
Soyuq başla yatmaq gecə boyu oyanmalara səbəb olur ki, bu da insanı səhər yorğun və halsız oyadır. Papaqla yatarkən isə yuxunun keyfiyyəti maksimuma çəkir.
Saç və dəri sağlamlığı
Yapon qadınlarının gecələr ipək baş geyimlərindən istifadə etməsi həm başın istiliyini qoruyur, həm də saçların yastığa sürtünüb qırılmasının qarşısını alır.
Müasir elmin təsdiqi
Müasir yuxu mütəxəssisləri də otağın sərin, amma başın və bədənin müəyyən qədər isti saxlanılmasının ideal yuxu mühiti yaratdığını təsdiqləyirlər. Norveçlilərin pəncərəni açıq qoyub təmiz havada yatması ilə yaponların başı isti saxlama fəlsəfəsi birləşəndə isə mükəmməl sağlam yuxu düsturu ortaya çıxır.
Pərviz


