ABŞ-nin elektrikli avtomobil nəhəngi “Tesla” sükan çarxı, pedalları və ənənəvi idarəetmə orqanları olmayan ikiəyləşəcəkli tam avtonom “Cybercab” modelini cari ilin sonunadək müştərilərə təhvil verməyə başlayacağını elan edib.
Hit.az xəbər verir ki, şirkətin mühəndislik üzrə vitse-prezidenti Lars Moravi bu barədə danışıb.
Onun sözlərinə görə, avtomobillər ilkin olaraq “Tesla”nın öz rəqəmsal robotaksi parkı üçün istehsal edilsə də, mərhələli şəkildə fərdi alıcılara və korporativ müştərilərə də çatdırılacaq. “Tesla”nın baş icraçı direktoru İlon Mask isə “Cybercab”in şəxsi mülkiyyətdən daha çox bir nəqliyyat xidməti kimi layihələndirildiyini diqqətə çatdırıb.
Şirkət rəhbəri bildirib ki, istehsal ediləcək avtomobillərin böyük əksəriyyəti doğrudan da “Tesla” şirkətinə məxsus olacaq və mobil tətbiq üzərindən avtonom taksi xidməti göstərəcək. Tam avtonom sürüş sisteminin insan nəzarəti tələb etməyən versiyasının isə 2027-ci ilin ikinci rübündə istifadəçilərə təqdim olunması planlaşdırılır.
Qeyd edək ki, “Tesla”nın bu iddialı və sürətli genişlənmə planlarının qarşısındakı ən böyük maneələrdən biri ABŞ-nin Milli Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən başladılan rəsmi sorğudur.
Mövcud federal təhlükəsizlik standartları nəqliyyat vasitələrində əyləc pedalı, sükan və xarici güzgülər kimi mexaniki idarəetmə elementlərinin olmasını məcburi şərt kimi irəli sürür. NHTSA müfəttişləri “Tesla”nın heç bir insan müdaxiləsi imkanı olmayan bu sürücüsüz nəqliyyat vasitələrini hansı hüquqi və texniki prosedurlara əsaslanaraq sertifikatlaşdırdığını araşdırır.
Pərviz


