Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək.
Bu, “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əks olunub. Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, büdcə xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.
Bəs rayonlar özünü hansı vəsait hesabına dolandıracaq?
Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, vergilərin ölkə üzrə vahid sistemdə toplanması fonunda rayonların öz xərclərini hansı mənbələr hesabına qarşılayacağı aydın deyil:

“Dövlət büdcəsinə yönəldilən vəsaitlərdən hansı mexanizmlə yerli ehtiyaclar üçün istifadə olunacaq? Bu məsələdə maliyyə bölgüsü və hesablama prinsiplərinin dəyişdirilməsi ehtimalı da nəzərdən keçirilməlidir”.
Ekspert hesab edir ki, bələdiyyələrin müəyyən yerli gəlir mənbələri olsa da, rayon icra hakimiyyətlərinin oxşar maliyyə imkanları barədə suallar yaranır:
“Əgər yolların çəkilməsi, körpülərin tikintisi və təmir işləri mərkəzi büdcədən maliyyələşdirilirsə, rayonun özünü təmin etməsi hansı əsasla müəyyənləşdiriləcək?
Digər tərəfdən, müəllimlərin, həkimlərin, hüquq-mühafizə orqanları əməkdaşlarının və digər büdcə işçilərinin əməkhaqları da dövlət vəsaiti hesabına ödənilir. Belə şəraitdə rayonların maliyyə baxımından müstəqilliyinin hansı meyarlarla qiymətləndiriləcəyi açıq qalır. Bu suallara aidiyyəti qurumların aydın izah verməsinə ehtiyac var”.
Sevinc


