Cütlüklər niyə nikah müqaviləsi imzalamır?

SOSİAL
15:31 / 23.10.2026
96

Evlənməyə hazırlaşan iki insandan biri nikah müqaviləsi təklif etsə, qarşı tərəfin ağlından ilk hansı fikir keçər? “gələcəyimizi düşünür”, yoxsa “görəsən, bu evliliyin nə qədər davam edəcəyinə inanır?”.

Cəmiyyətimizdə bu suala verilən cavab çox vaxt müqavilənin hüquqi mahiyyətindən daha çox, ona yüklənən mənəvi məna ilə bağlıdır. Çünki bir çox insan üçün evlilik yalnız iki nəfərin birgə həyat qərarı deyil, həm də sevginin, sədaqətin və ömürlük bağlılığın ifadəsidir.

Belə bir münasibətin başlanğıcında əmlakın bölüşdürülməsi və mümkün boşanma zamanı hüquqların müəyyənləşdirilməsi barədə danışmaq isə bəzilərinə soyuq, hətta münasibətə yaraşmayan addım kimi görünür.

Məhz buna görə nikah müqaviləsi təklif edən insan bəzən qarşı tərəfdə şübhə yaradır. Belə bir fikir formalaşır ki, əgər insan indidən ayrılıq ehtimalını nəzərə alırsa, deməli, ailə qurmağa tam əmin deyil. Hətta müqavilə istəyən tərəfin gələcəkdə boşanmağı planlaşdırdığı, sadəcə indidən öz maddi maraqlarını qorumağa çalışdığı düşünülür.

Halbuki mümkün bir riskə qarşı hüquqi təminat yaratmaq həmin riskin mütləq baş verəcəyinə inanmaq demək deyil. İnsan sağlamlığını qorumaq üçün sığorta etdirəndə xəstələnməyi arzulamadığı kimi, nikah müqaviləsi bağlamaq istəyən şəxs də mütləq boşanmağı planlaşdırmaya bilər.

Bəs niyə biz gələcəyimizi planlaşdırmağı normal qarşıladığımız halda, həmin gələcəkdə yarana biləcək hüquqi və maddi məsələləri əvvəlcədən müzakirə etməkdən çəkinirik?

İnsanların maliyyə vəziyyəti dəyişə, biri biznes qura, digəri öz karyerasını ailəyə görə təxirə sala, nikah dövründə əmlak əldə oluna bilər. Bu gün eyni məqsədə doğru addımlayan iki insan illər sonra fərqli maliyyə imkanlarına və gözləntilərə sahib ola bilər. Bu, onların indiki sevgisinin saxta olduğu anlamına gəlmir. Sadəcə həyat dəyişir və münasibətlərlə yanaşı, məsuliyyətlər də dəyişə bilir.

Nikah müqaviləsi məhz belə məsələlərdə tərəflərin hüquq və öhdəliklərini əvvəlcədən müəyyənləşdirməyə nxidmət edə bilər. Burada əsas məqsəd kimin daha çox qazanacağını və ya kimin ayrılıq zamanı daha çox əldə edəcəyini hesablamaq deyil, hər iki tərəfin maraqlarını aydınlaşdırmaqdır. Əlbəttə, müqavilənin ədalətli olması, hər iki tərəfin şərtləri anlayaraq könüllü razılıq verməsi də vacibdir.

Nikah müqaviləsinin cəmiyyətdə bəzən xoş qarşılanmamasının səbəblərindən biri ailə haqqında formalaşmış ənənəvi təsəvvürlərdir. Ailə çox vaxt güzəşt, fədakarlıq və qarşılıqsız bağlılıq üzərində qurulan münasibət kimi qəbul edilir. Bu çərçivədə maddi hüquqlar barədə danışmaq sevgiyə hesabla yanaşmaq kimi başa düşülə bilər.

Onu da bildirək ki, Azərbaycanda nikah müqaviləsi məcburi deyil. Ailə Məcəlləsinə əsasən, bu müqavilə ər-arvadın əmlak hüquq və vəzifələrini müəyyənləşdirir, nikahdan əvvəl və ya nikah dövründə bağlana bilər və notariat qaydasında təsdiqlənməlidir. Nikahdan əvvəl bağlanan müqavilə nikah dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Müqavilə şəxsi münasibətləri və uşaqlarla bağlı hüquq və vəzifələri istənilən formada müəyyənləşdirmək üçün sərhədsiz imkan vermir.

Sevinc

0