Avtoqəzadan sonra sürücülərin qarşılaşdığı əsas problemlərdən biri avtomobilə dəymiş zərərə görə sığorta şirkətinin ödədiyi məbləğin təmir xərclərini tam qarşılamamasıdır.
Bəzən avtomobil sahibinin gözlədiyi məbləğlə sığorta şirkətinin hesabladığı vəsait arasında ciddi fərq yaranır. Bu isə sürücülərin əlavə xərc çəkməsinə, qiymətləndirmə prosesinə etimadsızlığın artmasına səbəb olur. Bəs sığorta şirkətləri zərəri hansı meyarlar əsasında hesablayır və ödəniş məbləğinin real təmir xərcindən aşağı olması nə ilə bağlıdır?
Nəqliyyat eksperti Aslan Əsədov Hit.az-a açıqlamasında bildirib ki, avtomobil qəzaları zamanı sığorta şirkətlərinin ödənişlərdən yayınmasının bir neçə səbəbi var:

“Əsas səbəblərdən biri maliyyə amili ilə bağlıdır. Sığorta şirkətləri müəyyən hallarda ödəniş etməkdən yayınmağa və ya bundan imtina etməyə çalışırlar. Son vaxtlar bu məsələ ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə də müxtəlif paylaşımlar yayılıb”.
Ekspert qeyd edib ki, digər səbəb avtomobillərin təmiri ilə bağlı xərclərin sığorta ödənişlərini üstələməsidir:
“Belə ki, ehtiyat hissələrinin bahalığı və servis xidmətlərinin qiyməti qəza nəticəsində yaranan zərərin məbləğini artırır. Məsələn, avtomobilin təmirinə 3 min manat tələb olunduğu halda, sığorta şirkəti 2 min manat ödəyirsə, qalan 1 min manatı zərərçəkən şəxs öz cibindən ödəməli olur. Bu vəziyyət sığorta şirkətlərinin rentabelliyinə və avtomobil sahiblərinin sığortaya marağına da təsir göstərərək vətəndaşlar üçün əlavə çətinliklər yaradır”.
Sevinc


