Doğuşdan sonra depressiyaya SƏBƏB NƏDİR?

SAĞLAMLIQ
16:00 / 26.10.2026
167

“Ana olmaq hər zaman xoşbəxt olmaq demək deyil. Qadınlar hamiləlik dövründə körpələrinin dünyaya gəlməsini böyük həyəcanla gözləyirlər”. 

Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, analar doğuşdan sonra həyatlarının daha xoşbəxt olacağını, körpələrini qucaqlarına aldıqları an bütün çətinliklərin unudulacağını düşünürlər:


“Lakin doğuşdan sonra bəzi qadınlarda gözlədiklərinin əksinə olaraq kədər, ağlama istəyi, narahatlıq, daxili boşluq, hətta körpəyə qarşı emosional uzaqlıq yarana bilər. Bu vəziyyət doğuşdan sonrakı depressiya ilə əlaqəli olur. Bunun əsas səbəblərindən biri doğuşdan sonra qadın orqanizmində baş verən kəskin hormonal dəyişikliklərdir. 

Hamiləlik müddətində estrogen və progesteron hormonlarının səviyyəsi xeyli yüksəlir. Doğuşdan sonra isə bu hormonların səviyyəsi qısa müddət ərzində kəskin şəkildə aşağı düşür. Beyin və sinir sistemi bu dəyişikliklərə uyğunlaşmağa çalışır. Hormonal dəyişikliklər əhval-ruhiyyənin tənzimlənməsində iştirak edən beyin sistemlərinə təsir göstərə bilər”. 

Lakin onun sözlərinə görə. doğuşdan sonrakı depressiyanı yalnız hormonlarla izah etmək düzgün deyil: 
“Doğuşdan sonra qadının orqanizmində yalnız hormonal deyil, həm də ciddi psixoloji və fizioloji dəyişikliklər baş verir. Bir müddət əvvəl hamiləlik dövrünə uyğunlaşan orqanizm indi südvermə, yuxusuzluq, fiziki bərpa və körpənin qayğısı kimi yeni proseslərə uyğunlaşmağa çalışır. Bütün bunlar sinir sisteminə əlavə yük yaradır. 

Həmçinin, qadın ana olduqdan sonra həyatının əvvəlki ritmi dəyişir. Artıq öz ehtiyaclarından əlavə, daim qayğıya ehtiyacı olan bir körpənin məsuliyyətini daşıyır. Gecə yuxusunun bölünməsi, fiziki yorğunluq, özünə vaxt ayıra bilməmək, bədənindəki dəyişikliklər, həyat yoldaşından kifayət qədər dəstək görməmək və analıq məsuliyyətinin yaratdığı təzyiq depressiyanın yaranmasına zəmin hazırlaya bilər”.

Psixoloq qeyd edib ki, bəzi qadınlarda isə yaxşı ana ola bilməmək qorxusu, körpəyə qarşı kifayət qədər sevgi hiss etmədiyini düşünmək və özünü günahlandırmaq kimi fikirlər meydana çıxır:
“Əslində, doğuşdan sonrakı depressiya qadının körpəsini sevməməsi, analığa hazır olmaması və ya zəif xarakterli olması demək deyil. Bu, bioloji, psixoloji və sosial amillərin birlikdə təsir etdiyi bir psixi sağlamlıq problemidir. Hətta çox arzulanan, planlaşdırılmış hamiləlikdən sonra da yarana bilər.

Bəs doğuşdan sonrakı depressiyanı adi emosional dəyişikliklərdən necə fərqləndirmək olar? Doğuşdan sonrakı ilk günlərdə qadınlarda ağlama, həssaslıq, səbəbsiz narahatlıq, əhvalın tez-tez dəyişməsi müşahidə oluna bilər. Buna tibbdə “baby blues” deyilir. Bu vəziyyət adətən doğuşdan bir neçə gün sonra başlayır və 1-2 həftə ərzində öz-özünə azalır.

Lakin kədər hissi uzun müddət davam edirsə, qadın əvvəllər zövq aldığı şeylərdən həzz almırsa, özünü dəyərsiz hesab edirsə, daim ağlamaq istəyirsə, körpəyə qulluq etməkdə çətinlik çəkirsə, yuxu və iştahında ciddi dəyişikliklər yaranırsa, bu artıq doğuşdan sonrakı depressiyanın əlaməti ola bilər”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, bəzən ana körpəsinə nəsə olacağından həddindən artıq qorxur, bəzən isə körpə ilə emosional bağ qurmaqda çətinlik çəkir:
“Bu əlamətləri görməzdən gəlmək olmaz. Bəs bu vəziyyətdən daha tez və sağlam şəkildə necə çıxmaq olar? İlk növbədə, qadın öz vəziyyətini qəbul etməli və kömək istəməkdən çəkinməməlidir. Doğuşdan sonrakı depressiyanın müalicəsi mümkündür. Ən doğru addım ginekoloq və psixi sağlamlıq mütəxəssisinə müraciət etməkdir. 

Psixoterapiya, xüsusilə koqnitiv-davranış terapiyası, bir çox qadına mənfi düşüncələrlə, günahkarlıq hissi ilə və narahatlıqla mübarizədə kömək edir. Əlamətlərin ağırlığından asılı olaraq həkim antidepressant müalicəsi də təyin edə bilər. Süd verən analar üçün də uyğun dərman seçimləri mövcuddur. Dərmanları özbaşına qəbul etmək və ya dayandırmaq olmaz”.

Ülviyyə Ağazadə onu da əlavə edib ki, digər mühüm məsələ ananın yuxu və istirahət ehtiyacının qarşılanmasıdır:
“Körpənin qayğısı yalnız ananın üzərinə düşməməlidir. Həyat yoldaşı və ailə üzvləri gecə növbələrini bölüşə, ev işlərində kömək edə və ananın özünə vaxt ayırmasına şərait yarada bilərlər. Hətta gündəlik qısa gəzintilər, düzgün qidalanma, açıq havada olmaq və sevdiyi fəaliyyətlərə az da olsa vaxt ayırmaq bərpa prosesini dəstəkləmək olar.

Lazım gəldikdə qalxanabənzər vəzin fəaliyyətinin də yoxlanılması vacibdir, çünki doğuşdan sonrakı bəzi hormonal pozuntular depressiyaya bənzər əlamətlər yarada bilər. Ancaq qadında özünə və ya körpəsinə zərər vermək düşüncələri yaranırsa, yaxud reallıqdan qopma, olmayan səsləri eşitmə, sayıqlama və kəskin davranış dəyişiklikləri müşahidə olunursa, bu, təcili tibbi müdaxilə tələb edir. Belə vəziyyətdə qadın tək buraxılmamalıdır”.

Mütəxəssis vurğulayıb ki, analıq qadının özünü unutması demək deyil:
“Ana olmaqla yanaşı, qadın olaraq qalmaq, öz ehtiyaclarını hiss etmək, yorulmaq, kömək istəmək və bəzən heç nəyə gücünün çatmadığını etiraf etmək də normaldır. Cəmiyyət olaraq analardan yalnız körpələrinə qayğı göstərmələrini gözləməməliyik. Ananın özünün də qayğıya ehtiyacı var. Çünki körpənin sağlam inkişafı üçün yalnız fiziki ehtiyaclarının deyil, onunla maraqlanan ananın psixoloji rifahının da qorunması vacibdir”.

Pərviz

0