Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Konstitusiya dəyişikliyi ilə bağlı danışıb.
O, Ermənistanın Müstəqillik Bəyannaməsinin mətni dövlətçilik əleyhinə olduğunu vurğulayıb. Baş nazir həm də bu mətnlə müstəqil dövlətin mövcudluğunun mümkün olmadığını bildirib.
Qeyd edək ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasının Müstəqillik Bəyannaməsindən ölkəmizə dair ərazi iddialarının çıxarılmasını tələb edir. Görünür, Paşinyan da sülh müqaviləsinin imzalanması üçün Konstitusiyanı dəyişdirməyə yönəlik addımlar atmağa başlayıb. O, hətta bu dəyişikliyin baş verməsi üçün növbədənkənar seçkilərə belə gedə biləcəyini bəyan edib.
Siyasi şərhçi Ülviyyə Zülfüqar Hit.az-a açıqlamasında deyib ki, Nikol Paşinyanın Ermənistanın Müstəqillik Bəyannaməsini dövlətçilik əleyhinə sənəd kimi qiymətləndirməsi onun Konstitusiya dəyişikliklərinə siyasi zəmin hazırladığını göstərə bilər:
“Düşünürəm ki, Ermənistan rəhbərliyi artıq anlaya bilər ki, Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən hüquqi müddəaların saxlanılması ölkənin gələcək inkişafı və regional münasibətlərin normallaşması qarşısında ciddi maneədir. Paşinyanın son bəyanatları da bu reallığın etirafı kimi qiymətləndirilə bilər.
Bununla belə, Konstitusiya dəyişikliklərinin konkret nə zaman baş tutacağını söyləmək çətindir. Lakin aydındır ki, Azərbaycanla sülh sazişi məsələsi bu dəyişikliklərin həyata keçirilməsini daha da aktuallaşdırır”.
Ekspert diqqətə çatdırıb ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını da istisna etmək olmaz:
“Paşinyanın özünün belə bir variantı gündəmə gətirməsi müxalifətə siyasi təzyiq vasitəsi kimi də qiymətləndirilə bilər. Görünür, Ermənistanın Baş naziri Konstitusiya dəyişikliklərinə parlamentdə müqavimət göstəriləcəyi təqdirdə məsələni yenidən xalqın mandatına çıxarmaq imkanını nəzərdən keçirir.
Əsas məsələ Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətdə olması və ya seçkilərin nə zaman keçirilməsi deyil, ölkəmizə qarşı ərazi iddialarının hüquqi əsaslarının tamamilə aradan qaldırılmasıdır. Ermənistanın daxili siyasi prosesləri bu zərurəti dəyişmir”.
Elmir Mustafa


