2026-cı ilin yanvar-sentyabr aylarında Cəlilabad rayonunda əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz artıb. Ölkə üzrə bu göstərici 5,5 faiz təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Cəlilabadda xidmətlər üzrə qiymət artımı ölkə üzrə orta göstəricini 5,2 faiz bəndi üstələyib.
Xidmətlərin qiymətlərində yüksək artım digər ərazilərdə də müşahidə olunub. Saatlı rayonunda bu göstərici 7,5 faiz, Sabirabadda 7,4 faiz, Qobustanda 7,4 faiz, Goranboyda isə 4,4 faiz təşkil edib.
Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,2 faiz artıb. Beləliklə, Cəlilabadda xidmətlər üzrə qiymət artımı paytaxtdakı göstəricidən 6,5 faiz bəndi yüksək olub.
Ümumilikdə, ölkə üzrə xidmətlərin qiymət artımı ərzaq məhsullarındakı 6,9 faizlik bahalaşmadan aşağı olub. Cəlilabadda isə xidmətlər üzrə artım 10 faizi ötüb.
Bölgələrdə qiymətlərin daha çox artmasının səbəbi nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib ki, bölgələrdə qiymətlər mərkəzi şəhərlərdən daha sürətlə artmasının müəyyən səbəbləri var:
“Bilirsiniz ki, mərkəzi şəhərlərdə bütün sahələrdə qiymətlər formalaşıb. Hazırda malların və xidmətlərin qiyməti demək olar ki, eynidir. Amma bölgələrdə bəzi xidmətlərin və malların qiyməti bir qədər ucuz idi. Son zamanlar bu fərq aradan qalxır.
Nəzərə alaq ki, bölgələr də sosial-iqtisadi inkişaf baxımından yeni mərhələyə qədəm qoyur. Bölgələrdəki sosial infrastruktur yeni qiymətlər müəyyən edir. Ona görə də bölgələrdə qiymətlər bundan sonra daha da artacaq. Ən azından qiymətlər mərkəzi şəhərlərlə eynilik təşkil edəcək”.
Turizm faktoru
Müsahibimiz onu da bildirib ki, bölgələrdə turizm imkanları daha da inkişaf etdikcə yeni reallıqlar ortaya çıxır:
“Turistlərin daha çox üz tutduğu bölgələrdə qiymətlər daha çox artır. Məsələn, Şərqi Zəngəzur və Qarabağda turizmin inkişafı və məskunlaşmanın həcminin artması xidmətlərə və mallara tələbatı artırır. Tələb artdıqca təbii ki, qiymətlər də yüksəlir. Ona görə də bölgələrdə qiymət artımının daha sürətli olması başadüşüləndir”.

