FT: Pentaqon təxminən 60 "Patriot"un Ukraynaya ötürülməsinin qarşısını alıb

DÜNYA
13:00 / 24.11.2026
46

ABŞ Müdafiə Nazirliyi Ukraynaya təhvil verilməsi nəzərdə tutulan təxminən 60 ədəd “Patriot” hava hücumundan müdafiə sistemi raketinin göndərilməsinə hələ də yekun razılıq verməyib. Bu, Vaşinqtonun əvvəlki razılığına baxmayaraq baş verir.

HİT.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət ABŞ istehsalı olan PAC-3 və PAC-2 tipli raketlərdən gedir. Onlardan təxminən 40-ı daha müasir PAC-3 raketləridir. Bu sursatların sentyabr-dekabr ayları ərzində Ukraynaya çatdırılması planlaşdırılsa da, indiyədək onların göndərilməsinə icazə verilməyib.

Bundan başqa, daha köhnə modifikasiya olan 20-yə yaxın PAC-2 raketi də Ukrayna üçün ayrılıb. Lakin həmin raketlərin təhvil verilməsi də Pentaqonun təsdiqini gözləyir. Sursatların bir hissəsi Avropa ölkələrinin hərbi anbarlarında saxlanılır və Kiyevin Qərb müttəfiqləri tərəfindən maliyyələşdirilir.

Nəşrin məlumatına görə, Ukraynanın öz ərazisində “Patriot” sistemləri üçün raketlərin istehsalına icazə almaq cəhdi də ABŞ Müdafiə Nazirliyində ləngiyib.

Pentaqonun nümayəndəsi nəşrə açıqlamasında ABŞ-ın Ukraynaya dəstək siyasətinin dəyişmədiyini bildirib. Bununla belə, konkret raket tədarükləri ilə bağlı əlavə şərh verməkdən imtina edib.

O, ABŞ-ın Avropa tərəfdaşları və Ukrayna ilə “Patriot” sistemləri üzrə transatlantik sənaye əməkdaşlığını sürətləndirmək istiqamətində bir neçə paralel təşəbbüs həyata keçirdiyini qeyd edib.

Xatırladaq ki, ötən ay ABŞ Ukraynaya ümumi dəyəri 2,1 milyard dollar olan 500 ədəd PAC-3 raketinin satışını təsdiqləyib. Lakin həmin raketlərin tədarükünün 2030-cu illərin əvvəllərindən tez başlamayacağı bildirilir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamasına görə, ölkəsi 2026-cı ildə ayda orta hesabla 12 ədəd “Patriot” raketi əldə edir. Kiyev həmçinin NASAMS hava hücumundan müdafiə sistemləri üçün sursat çatışmazlığı ilə üzləşir. Bu tədarüklərin maliyyələşdirilməsini Avropa ölkələri PURL proqramı çərçivəsində həyata keçirir.

Samir

0