“TRIPP layihəsinin işə salınması Cənubi Qafqazda yeni nəqliyyat-kommunikasiya reallıqlarının formalaşması baxımından mühüm hadisədir. Noyabrın 23-də layihənin başlanmasının elan edilməsi və Ermənistanın Sünik vilayətinin Mehri ərazisində hazırlıq işlərinə start verilməsi artıq siyasi razılaşmaların praktiki mərhələyə keçdiyini göstərir”.
Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu prosesə yalnız yeni avtomobil və dəmir yolu xəttinin yaradılması kimi yanaşmaq düzgün olmaz:
“Söhbət Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa nəqliyyat bağlantısının təmin edilməsindən, ölkəmizin qərb istiqamətində strateji mövqeyinin möhkəmləndirilməsindən və bütövlükdə regionun iqtisadi xəritəsinin dəyişməsindən gedir.
Zəngəzur dəhlizi Azərbaycanın uzun illərdir irəli sürdüyü mühüm strateji layihələrdən biridir. Bu bağlantı Naxçıvanla Azərbaycanın digər əraziləri arasında nəqliyyat əlaqələrini asanlaşdırmaqla yanaşı, ölkəmizin Türkiyəyə, oradan isə Avropaya çıxış imkanlarını genişləndirəcək. Eyni zamanda, Azərbaycanı Orta Dəhlizin mühüm həlqəsinə çevirəcək, Xəzər hövzəsi, Mərkəzi Asiya və Avropa arasında yükdaşımaların inkişafına əlavə təkan verəcək”.
Millət vəkili qeyd edib ki, bu layihənin iqtisadi əhəmiyyəti də çoxşaxəlidir:
“Yeni nəqliyyat infrastrukturu tranzit imkanlarının artmasına, logistika xərclərinin azalmasına, ticarət dövriyyəsinin genişlənməsinə, investisiyaların cəlbinə və yeni iş yerlərinin yaradılmasına şərait yarada bilər. Burada söhbət təkcə yükdaşımalarından getmir. Dəmir yolu, avtomobil yolu, enerji və rəqəmsal kommunikasiya xətlərinin inkişafı bütöv bir iqtisadi əməkdaşlıq platformasının formalaşmasına xidmət edə bilər.
Bununla yanaşı, TRIPP layihəsinin əhəmiyyətli tərəflərindən biri də enerji əməkdaşlığı üçün yeni imkanlar yaratmasıdır. Elektrik enerjisinin ötürülməsi istiqamətində nəzərdə tutulan əməkdaşlıq regionun enerji sistemlərinin əlaqələndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi və qarşılıqlı iqtisadi asılılığın formalaşması deməkdir”.
Deputat vurğulayıb ki, Azərbaycanın mövqeyi aydındır:
“Regional kommunikasiyaların açılması qarşılıqlı hörmət, beynəlxalq hüquq, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həyata keçirilməlidir. Eyni zamanda, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz və səmərəli bağlantının təmin olunması ilə bağlı əldə edilmiş razılaşmalar real şəkildə icra edilməlidir. Heç bir süni maneə bu prosesin mahiyyətinə və məqsədinə xələl gətirməməlidir.
TRIPP çərçivəsində də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət prinsipləri təsbit olunub. Bu prinsiplərin praktikada necə həyata keçiriləcəyi isə layihənin uğurunu müəyyən edən əsas amillərdən olacaq”.
Jalə Əliyevanın sözlərinə görə, digər mühüm məqam layihənin beynəlxalq geosiyasi əhəmiyyəti ilə bağlıdır:
“ABŞ-nin prosesdə iştirakı, Avropa və Asiya arasında yeni nəqliyyat bağlantılarının formalaşdırılması istiqamətində artan maraq göstərir ki, Cənubi Qafqaz artıq yalnız regional deyil, daha geniş beynəlxalq iqtisadi və nəqliyyat maraqlarının kəsişdiyi məkana çevrilir. Zəngəzur dəhlizinin açılması region ölkələri üçün yeni əməkdaşlıq imkanları yaratmaqla yanaşı, uzun illər davam etmiş qarşıdurmanın iqtisadi əməkdaşlıqla əvəzlənməsi üçün də mühüm zəmin ola bilər.
Ən başlıcası, Azərbaycan bu layihə ilə öz coğrafi mövqeyini iqtisadi və geosiyasi üstünlüyə çevirmək, Naxçıvanla birbaşa bağlantısını təmin etmək və Türk dünyasını birləşdirən nəqliyyat-kommunikasiya əlaqələrini gücləndirmək imkanı əldə edir. Zəngəzur dəhlizi təkcə Azərbaycanın iki hissəsini birləşdirən yol deyil, həm də Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirən yeni strateji bağlantıdır. Heç şübhəsiz bu yolun açılması regionda sülhün, sabitliyin və davamlı iqtisadi inkişafın möhkəmlənməsinə xidmət edəcək”.
Elmir Mustafa



