Mənzil bazarında qiymətlərin yüksəlməsi və yeni tikililərə tələbatın artması fonunda tikinti sektorunda geriləmə diqqət çəkir.
Belə ki, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda 115 milyard 930,5 milyon manatlıq ÜDM istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,7 faiz artım deməkdir. Lakin eyni müddətdə tikinti sektorunda yaradılan əlavə dəyər 6,8 faiz azalıb.
Bəs mənzilə ehtiyacın artdığı bir vaxtda tikintinin azalmasının səbəbi nədir? Təklifin zəifləməsi mənzil qiymətlərinin yüksəlməsinə necə təsir göstərir?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycanda, xüsusilə Bakıda mənzilə ehtiyac yüksək olaraq qalır:
“Əhali artımı, daxili miqrasiya və yeni ailələrin müstəqil yaşayışa başlaması bu ehtiyacı artırır. İnvestisiya məqsədli alışlar da bazarda əlavə tələb yaradır. Yeni mənzil təklifi isə bu tələbi həm həcm, həm qiymət, həm də yerləşmə baxımından qarşılamaqda geri qalır.
Bakıda yeni layihələrin həyata keçirilməsini çətinləşdirən əsas amillərdən biri tikintinin maya dəyəridir. Torpağın, tikinti materiallarının və işçi qüvvəsinin bahalaşması, eləcə də kommunal şəbəkələrə qoşulma və infrastruktur xərcləri layihənin ümumi büdcəsini artırır. Maliyyələşmə də ciddi amildir. Tikinti uzunmüddətli sərmayə tələb edir və kredit resursları baha olduqda şirkətlərin yeni layihələrə başlaması çətinləşir”.

Ekspert qeyd edib ki, bu şərtlərdə tikinti şirkətləri satış perspektivi daha güclü olan ərazilərə üstünlük verirlər:
“Nəticədə yeni təklif şəhər üzrə qeyri-bərabər formalaşır. Şəhərin bir hissəsində yeni layihələrin sayı artsa belə, orta gəlirli ailələrin büdcəsinə uyğun mənzil təklifi məhdud qala bilər. Bazarın vəziyyətini qiymətləndirərkən tikilən mənzillərin sayı ilə yanaşı, onların hansı qiymətə və harada satışa çıxarıldığına da baxmaq lazımdır.
Yeni mənzil təklifi zəiflədikdə, tələb sabit qalırsa və ya artırsa, qiymətlər üzərində yüksəldici təzyiq yaranır. Şirkətlər də artan maya dəyərinin bir hissəsini satış qiymətinə ötürməyə çalışırlar. Fikrimcə, bu prosesin ailələr üçün ən ciddi nəticəsi mənzilin iqtisadi əlçatanlığının zəifləməsidir. Mənzil qiymətləri gəlirlərdən daha sürətlə artdıqda, ailəyə ilkin ödənişi toplamaq üçün daha çox vaxt lazım gəlir. Kreditlə alış zamanı isə aylıq ödəniş ailə büdcəsinin daha böyük hissəsini tutur”.
V. Oruc diqqətə çatdırıb ki, mənzilə ehtiyac yüksək qaldığı halda, həmin ehtiyacın real alışa çevrilməsi çətinləşir:
“Çıxış yolu təklifin artırılması ilə maliyyələşmə imkanlarının paralel genişləndirilməsindən keçir. Tikintiyə yararlı torpaq sahələrinin kommunal və nəqliyyat infrastrukturu ilə təmin edilməsi və orta gəlirli ailələrin büdcəsinə uyğun layihələrin təşviqi təklifi genişləndirə bilər.
İpoteka imkanları da bu addımlarla uzlaşdırılmalıdır. Təklif məhdud qaldığı şəraitdə ipoteka imkanlarının genişlənməsi tələbi gücləndirərək qiymətlərə əlavə təzyiq göstərə bilər. Mənzil bazarında dayanıqlı qiymət sabitliyi üçün yeni təklif ailələrin ehtiyacına, gəlirinə və yaşayış yeri seçiminə uyğun formalaşmalıdır”.
Sevinc


