ABŞ - Azərbaycan münasibətləri İNKİŞAF EDİR

SİYASƏT
11:35 / 24.11.2026
107

“ABŞ Prezidenti Donald Tramp Amerikanın ənənəvi müttəfiqlik şəbəkəsindən daha çox, müttəfiqlərlə münasibətlərdə praqmatik və tranzaksion yanaşmaya üstünlük verir”.

Bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, qarşılıqlı maraq və konkret siyasi dividendlərə əsaslanan diplomatiya üstünlük təşkil edir:


“Bu, Trampın fərdiləşdirilmiş diplomatiyası  ilə birləşəndə və qarşı tərəflər bunu imkan və fürsətlərə çevirməyi bacaranda nəinki nəticəyönümlülük əldə edilir, həm də nəticələr məhsuldar olur. Məsələn, əgər Ukrayna, İran, Tayvan və ticarət məsələlərində ciddi irəliləyişin əldə edilmədiyi halda Cənubi Qafqazda fərqli hadisələr görürük. 

Geosiyasi münaqişələrin həllində liderlər arasında şəxsi münasibətlərin imkanlara çevrilə biləcəyini də Cənubi Qafqazda müşahidə edirik. Lakin bu da əlavə bir sualdır ki, liderlər arasında şəxsi münasibətlər institusional diplomatiyanı və uzunmüddətli strateji razılaşmaları əvəz edə bilərmi? Bu baxımdan düşünürəm ki, Trampın qalan dönəmindən maksimum səmərəli istifadə olunmalıdır”. 

Ekspert hesab edir ki, ABŞ-nin özünün belə vahid və sistemli yeni xarici siyasət strategiyası formalaşmayıb, Vaşinqton da dəyişən beynəlxalq şəraitə uyğun taktiki qərarlar atmağa məcbur qalır:
“ABŞ-Azərbaycan münasibətlərinin mövcud durumu ondan xəbər verir ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda əldə olunan razılaşmalar və 10 fevral 2026-cı ildə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması münasibətlərin institusional əsaslarını möhkəmləndirdiyi qədər, həm də praktiki nəticələr əldə olunur. Münasibətlərimizdə enerji təhlükəsizliyi, investisiyalar, ticarət, müdafiə sənayesi, terrorizmlə mübarizə, kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal infrastruktur, Orta Dəhlizin inkişafı, TRIPP layihəsi əsas yer tutur”.

Şəbnəm Həsənova vurğulayıb ki, ABŞ-Azərbaycan münasibətlərində indiyə qədər olmayan isti münasibətlərə şahidlik edir:
“Cənab Prezident İlham Əliyev strateji vizyonunu məharətlə Trampın maraqları ilə paralel aparmağı, kəsişdirməyi bacarır. Tramp Əliyev faktorunu strateji amil hesab edir. Noyabrın 22-də ABŞ-ın daxili təhlükəsizlik naziri Markwayne Mullinin Prezident İlham Əliyevlə görüşü xüsusi diqqətə layiqdir. Təhlükəsizlik, bunun daxili üzünün də praktiki əməkdaşlıqla özünü göstərməsi son dərəcə mühüm hadisədir. Deməli, davamlı siyasi dialoqun özü də konkret hədəfləri müəyyənləşdirib”.

Elmir Mustafa 

0