Paşinyanın "müharibə" açıqlaması nəyə xidmət edir? - ŞƏRH

HƏRBİ
12:30 / 24.07.2023
616

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni müharibələrin ola biləcəyini deyib. 

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanana və bu saziş parlamentlər tərəfindən təsdiq olunana qədər müharibənin təkrarlanması ehtimalı böyükdür:

“Yer kürəsinin saziş çərçivəsində həll olunmayan münaqişəli vəziyyətli istənilən yerində istənilən vaxt müharibə ola bilər və bu, nəzərə alınmalıdır. Yenidən kəskinləşmələr və yeni müharibələr həmişə mümkündür. Lakin bu, onun baş verəcəyi anlamına gəlmir. Amma bu, müharibənin olmayacağını demək də deyil".

Ümumiyyətlə, Paşinyanın bu açıqlaması nəyə xidmət edir?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Elçin Abdullayev bildirib ki, istənilən dövlət və ya hökumət başçısının verdiyi bəyanat hansısa hədəflərə hesablanır:

330499

"Nikol Paşinyanın məlum açıqlaması da mütləq şəkildə hansısa hədəflər üzərində qurulub. Lakin onun bu cür açıqlamalar verərək Azərbaycanı hədəf seçərək, qorxu yarada biləcəyini düşünəcəyini zənn etmirəm. Ümumiyyətlə, Paşinyan yeni müharibə olma ehtimalını gündəmə gətirməklə Azərbaycan dövlətini və ordusunu qorxuya sala bilməz. Çünki Azərbaycan Ordusu Ermənistanın ordusundan qat-qat güclüdür. Belə olduğu təqdirdə, məğlub ölkənin Baş naziri qalib Azərbaycanı qorxuda bilməz".

Ekspert vurğulayıb ki, Paşinyanın bu açıqlaması Ermənistan cəmiyyətinə ünvanlanıb:

 

"Ermənistanda Paşinyanın sülh sazişinə imza atmasına və Azərbaycanın sərhədlərini tanımasına etiraz edən bəlli qüvvələr var. Paşinyan da həmin açıqlaması ilə məhz o qüvvələrə çatdırmaq istəyir ki, Ermənistan sülh sazişi imzalamasa, yeni müharibə baş verə bilər. Yəni onun bu fikri məhz daxili auditoriyaya hesablanıb.

Həmçinin, Paşinyan həmin müsahibədə ölkəsinin Rusiyanın Qərblə arasında əlaqələrinin necə qurması ilə bağlı suala cavab verərkən, Ermənistanın Azərbaycan, Türkiyə, Gürcüstan və İranla qonşu olduğunu dilə gətirir. Bu da o deməkdir ki, Paşinyan üçün bu gün prioritet mövzu məhz Ermənistanla qonşu olan dövlətlərlə münasibətləri yaxşılaşdırmaqdır. Deməli, o, növbəti mərhələdə Ermənistanın Rusiyasız və yaxud da Qərbsiz ayaq üstə durmasına çalışan bir hökumət başçısıdır. Paşinyan istəyir ki, gələcək perspektivdə Rusiya və Qərb olmadığı təqdirdə, Ermənistan öz müstəqilliyini qoruyub saxlaya bilsin".

Politoloq qeyd edib ki, Ermənistanın Baş naziri həm də digər dövlətlərə mesaj verir:

"Paşinyan "sülh sazişi imzalanmayacağı təqdirdə, müharibə olma ehtimalı böyükdür" deməklə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasında maraqlı olan güclərin və böyük dövlətlərin hərəkətə keçməsini sürətləndirmək istəyir. O çalışır ki, tezliklə sülh sazişi imzalansın. 

Paşinyan həmçinin, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmasına mane olan dövlətlərə də mesaj ötürür. O bildirir ki, biz Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırıq, siz də buna əngəl olmayın".

Pərviz

0