Müharibə ABŞ ərazisinə keçəcək?

HƏRBİ
13:30 / 08.10.2026
209

ABŞ Prezidenti Donald Tramp çox qəribə bir bəyanat səsləndirib.

O, növbəti dəfə İranın Los-Anceles və San-Dieqoya raket zərbələri endirmə ehtimalından danışıb. Tramp bunun olmasına imkan verməyəcəklərini deyib. Lakin ABŞ liderinin sözləri birmənalı qarşılanmayıb. Çünki İranın əlində ABŞ ştatlarını vura biləcək mənzildə qitələrarası ballistik raket yoxdur. 

Belə olan halda, Tramp nə üçün İrandan belə bir təhlükənin olacağından danışır? 

Politoloq Turan Rzayev Hit.az-a açıqlamasında bildirib ki, İranda ABŞ-ni vuracaq texnologiyanın olmadığı aydın məsələdir:


“Üstəlik, adıçəkilən Los-Anceles və San-Diyeqo ştatları da İrana çox uzaqdadır. Yəni bütün Sakit okeanın üzərindən keçib həmin ştatları vuracaq bir raketdən danışırıq. Əlbəttə ki, bu da mümkün deyil. Hətta mən Amerikanın özündə belə bir silahın olduğunu düşünmürəm. ABŞ adətən bu tipli zərbələri başqa ölkələrdəki hərbi bazaları vasitəsilə endirir. İranın əlində belə bir silah olsaydı, indiyə qədər istifadə edərdi”.

Ekspert qeyd edib ki, ABŞ İranla total müharibə aparmır:
“Vaşinqton sadəcə regionda olan hərbi kontingenti hesabına məhdud səviyyəli mübarizə aparır. Üstəlik, rəsmi şəkildə Konqresdən İranla müharibə yönəlik də bir qərar çıxmayıb. Faktiki olaraq, hazırda ABŞ tam olaraq bir müharibə içərisində deyil. Əslində, bu mübarizəni aparan ABŞ Prezidenti Donald Trampdır. Ancaq İranın əlində belə bir silah olmadığı üçün adıçəkilən ştatlara hər hansısa təhlükədən də söhbət getmir”.

Onun sözlərinə görə, bunu Trampın pafosu kimi qiymətləndirmək lazımdır:
“Əslində belə bir zərbənin olması Trampa çox sərf edərdi. Çünki o halda ABŞ çox asanlıqla rəsmən müharibəyə qoşula bilərdi. Məsələn, 11 sentyabr hadisələrini bəhanə edib Əfqanıstana girdikləri kimi, indi də İran üçün bəhanə axtarırlar. Lakin Ağ Ev hələ ki, belə bir bəhanə tapa bilmir”.

Pərviz

0