Ronaldo - sönən ulduz

İDMAN
09:50 / 24.10.2022
1197

Bu, bir futbolçunun faciəsi deyil, həm də milyonlarla azarkeşin üzüntüsü, göz yaşıdır...

Üç futbolçu haqda heç vaxt fikrim dəyişmədi. Onlardan biri Hakan Şükür olub. Vaxtilə bütün jurnalistlər, dostlar, hətta “Qalatasaray”ın möhkəm azarkeşi, futbol bilicisi olan rəhmətlik Adil müəllimlə (Qaçayoğlu) onun haqda çox mübahisələr etmişdim. Deyirdim, o, əsl hücumçu deyil, top ayağına gəlir, qol vurur, vəssalam...

Zaman gəldi, Hakar Şükür nə vacib oyun idisə, qol vura bilmədi, bir dəfə də deyəsən, Bakıda Türkiyə millisinin heyətində bizim futbolçulara qarşı özünü ədəbsiz apardı, hamı səhəri gün onu söyürdü. O günlər onun haqda yazımın sərlövhəsi indiyədək yadımdadır: “Hakar Şükür-sönən ulduz”. Hakar Şükürü indi futbolçu kimi xatırlayan çox azdır, indi anadolular demiş, firardır, FETÖ-çu olduğu üçün Türkiyə hökuməti onu gərək ki, axtarır. Yeri bilinir, ABŞ-dadır, biznes qurub yaşayır özü üçün.     

“Qara siyahım”da olan ikinci belə futbolçu Kriştiano Ronaldo olub. Ondan nə işdirsə ümumiyətlə, bir fərd kimi də zəhləm gedib, bəlkə də nə vaxtsa meydanda hansısa hərəkəti zədələyib fikirlərimi. O, mənim nəzərimdə heç vaxt əfsanə-filan olmayıb. Onun haqda isə yazmaq fürsətim çox olub, əsasən də dünya və Avropa çempionatında “Yeni Müsavat”da “qabırğasına döşəmişəm”. Hətta bu səbəbdən onun və Portuqaliya millisinin azarkeşləri ilə üz-göz də olmuşam. Deyiblər ki, “onun haqda ədalətsiz yanaşman var, əla oyunçudur, belə qol vurdu” və sairə... Sonuncu dəfə bu yaxınlarda yazmışdım onun haqda. ““Qarabağ”a gəlsin, onsuz da indi “Mançestr Yunayted”də ancaq ehtiyat skamyasında oturur” deyə...

ggjj33221.jpg (44 KB)

Üçüncü futbolçu, əfsanədir - Maradonadır. Bəlkə elə onun oyunlarına baxa-baxa “futbola xəstələndik”, o səbəbdən gözümüz kimsəni görüb seçə bilmədi. Hücumçu o idi... Cərimə meydançasında “yatıb” hazır top gözləmirdi. Top həmin yumru, meydan həmin ölçüdə, qapı həmin hündürlükdə, futbolçuların sayı eyni, Maradonadan isə yoxdur. Messi? Maradona ilə tərəziyə gəlməz. Neymar? Artistdir. Levandovski? Əla oyunçudur, amma Maradona deyil. Mbappe? Benzema? Haland? De Brunye? Salah? Şeydayev? Bu oyunçuların əksəriyyəti indi ən yaxşı klublarda hücumçu mövqelərindədir, baxımlı oyun göstərirlər, amma Ronaldo daha o siyahıda yoxdur! Yaşımı keçdi? 37 yaşında evlənən olanda deyirlər, gecikmisən. Ronaldo hələ yaxşı fiziki formadadır, Marsello kimi kökəlməyib, qol da vura bilər. Amma, fəqət, lakin... artıq Ronaldo keçmişdir. “Bura qədər” hələ deməyənlər var, məsələn, indi zədəli olan “Milan”ın oyunçusu Zlatan kimi. Başqaları da var. Amma Ronaldo axı onların heç birinin tayı deyildi. Bəs, nə oldu ki, indi Ronaldo bu günə düşdü? Səmimi deyirəm, onun bu dərəcədə aşağı (həm də aşağılanmasını) düşməsini istəməzdim. Adamın sosial şəbəkədə bir neçə milyon təqibçisi var, milyonlarla uşaq-gənc onun adı yazılmış formaları geyinir. Bu, bir futbolçunun faciəsi deyil, həm də milyonlarla azarkeşin üzüntüsü, göz yaşıdır.

1468181826_94.jpg (18 KB)

Ronaldo çoxdan yaxşı futbol oynamır, “Yuventus”da bir az oynadı, amma “İtaliya futbolu onluq deyildi” yazmışdım da... Çünki İspaniyadan (“Real”dan ora getmişdi, deyəsən, vergiyə görə) fərqli olaraq İtaliya futbolunda bir qəribə enerji, adama ləzzət verən mübarizə, top uğrunda mübariz futbolçular var, o cür çempionatda “yatmaq” çətindir. Müdafiəçi Kellini gəlib qol vurursa, sən də zəhmət çəkib onun əvəzində müdafiədə də oynamalısan. 

gggg.jpg (79 KB)

İndi Ronaldo üçün hər şey o qədər pisdir ki, nəinki “Mançester Yunayted” azarkeşləri, hətta son vaxtlara qədər onu 100 faiz dəstəkləyən keçmiş klub oyunçuları da ondan üz döndərir. Ronaldo son hərəkətinə görə (“Tottenhem”lə qarşılaşmada o, görüşün sonunda əvəzedici kimi meydana çıxmaqdan imtina edib, daha sonra matç bitməmiş paltardəyişmə otağına gedib) “Mançester Yunayted”lə məşqləri dayandırıb və gənclər komandasına göndərilib.

33355588.jpg (106 KB)

İndi Ronaldonun “Yunayted”dəki gələcəyi sual altındadır, o, növbəti matçlarda oynamayacaq. İki həftəlik əmək haqqı olmaqla bir milyon funt sterlinq cərimə olunub. Belə cərimələr şəxsi təyyarəsi də olan Ronaldo üçün heç nədir, amma həm azarkeşlərin, həm də futbolçuların ondan üz döndərməsi (bəziləri hətta onunla meydana çıxmaq istəmir) Ronaldonun futbolçu kimi sonudur. Bunu nə vaxtsa özü da başa düşəcək... 

Keçmişi geri qaytarmaq mümkün olsaydı, mən Maradonanın geri qayıtmasını istərdim. Həm bu videoda olan, həm də “Allahın əli ilə qol vuran” o əfsanə Maradonanın...

Mənbə: Musavat.com

0