Bu gün Azərbaycanın U-15 millisi Bakıda təşkil olunan dünya çempionatı və festivalında növbəti matçına çıxıb.
Hit.az xəbər verir ki, Famil Xəlilovun komandası C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili yığması ilə qarşılaşıb. Hövsan Yarış Kompleksindəki 7B stadionunda keçirilən oyun Çilinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Millimiz növbəti mərhələdə Cəbəllütariqlə üz-üzə gələcək. Adıçəkilən komanda 1/16 finalda Belarusa 0:6 hesabı ilə uduzub. Azərbaycan - Cəbəllütariq görüşü bu gün keçiriləcək və saat 18:15-də başlayacaq.
Xatırladaq ki, Azərbaycan millisi AF qrupu 3-cü pillədə başa vurub və C Divizionuna vəsiqə qazanıb. Yığmamız qrupda Timor-Lesteyə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.


