"Qarabağ" niyə uduzdu? - 7 səbəb 

İDMAN
18:14 / 28.10.2022
1657

UEFA Avropla Lqasının qrup mərhələsinin 5-ci turunda səfərdə "Nant" ilə üz-üzə gələn "Qarabağ"ın Fransadan azı 1 xalla qayıdacağına inananlar çox idi. Şübhəsiz, bu rəqibini Bakıda 3:0 hesabı ilə üstələyən ağdamlılar qitəmiqyaslı turnirdə sərgilədiyi futbol və imza atdığı parlaq qələbərlə futbol ictimaiyyətini ümidləndirmiş və "xoruzlar ölkəsi"ndə yenilməyəcəyinə inandırmışdı. Təəssüf ki, Azərbaycan təmsilçisi 90+5-ci dəqiqədə qapısında qol görərək məğlub oldu. Bu yenilgidən sonra məhz "Nant"la Azərbaycan çempionu üçün hər şey son tura qaldı. "Köhlən atlar"ın niyə heç-heçə edə bilmədiyinə gəlincə...

1. Ağdamlılar möhtəşəm azarkeş dəstəyinə malik Fransa komandası ilə matçda bir qədər həyəcanlı görünürdülər. "Qarabağ"ın avrokubok təcrübəsi böyükdür. Təmsilçimiz yer aldığı qrupun əvvəlki görüşlərində Yunanıstanda "Olimpiakos"u darmadağın edib (3:0) və Almaniyada "Frayburq"a qarşı (1:2) inamlı futbol sərgiləyib. Ancaq "sarı bülübüllər"lə duelin statusu daha fərqli idi. Bu qarşılaşmada qazanılacaq 1 xal pley-offa vəsiqəni rəsmiləşdirəcəkdi. Həlledici məqamlarda ağdamlıların ayrı-ayrı oyunçularının təzyiqi üzərindən ata bilmədiyi, belə desək, matçın ağırlığı altında qaldığı dəqiqdir. 

2. Hələ Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında qınaq obyektinə çevrilən Şahruddin Məhəmmədəliyev növbəti vacib oyunda ciddi səhvlərlə diqqət çəkdi. Plzen "Viktoriya"sı ilə Çexiyadakı ÇL qarşılaşmasında (1:2) hesabda öndə olan ağdamlıları lazım olmadığı halda, topa çıxaraq çətin vəziyyətə salan qolkiper Fransada iki "qəza" ilə yadda qaldı. Birində ayağının altından keçən top xoşbəxtlikdən qapıya getmədisə, digərində verdiyi yanlış ötürməni təmsilçimizə bağışlamadılar. 90+2-ci dəqədə çıxışda etdiyi xətanı da yaddan çıxarmayaq... Nəticədə, onun digər uğurlu seyvləri kölgədə qaldı və Şahruddin yenə əsas tənqid hədəfinə çevrildi. 

3. Belə qarşılaşmalarda komandanın "açar" oyunçularının potensialının imkan verdiyi səviyyədən aşağı oynamaması əsas şərtdir. Bir epizodda qapı tirini nişan alan Kadi gözləniləndən zəif göründüsə, sonradan döyüşə atılan Şeydayev xüsusi nə iləsə diqqət çəkmədi. Azı iki real qol imkanını boşa verən Ovusu Kvabena isə əsas missiyasını həyata keçirməkdən başqa, hər şey etdi. Əlbəttə, hər epizodun qola çevrilməsi mümkün deyil. Futbolda ümumiyyətlə belə anlayış yoxdur. Amma Ovusunun qaçırdığı şanslar "yeni forvard lazımdır" iddiasını səsləndirənlərin nə dərəcədə haqlı olduğunun bariz nümunəsidir. Hərçənd bunu komandanın baş məşqçisi Qurban Qurbanov da bilir və axtarışdadır. 

4. Fransa çempionatında adətən 5 müdafiəçili sistemlə oynayan "Nant" dördlü müdafiədən istifadə etdi. Rəqibin baş məşqçisi meydana iki hücumçu ilə çıxmağı uyğun saymış və vingerlərdən birinə hücumlar zamanı sonadək irəliləmək tapşırığı vermişdi. Bu, sözün əsl mənasında, işə yaradı. Əksər həmlələrin təşkili zamanı eyniadlı şəhərin komandası "ön cəbhə"də say üstünlüyü yarada bilirdi. Bu səbəbdən meydan sahiblərinin 3 hücumçu ilə oynadığını da güman etmək olardı. 

5. "Nant"ın baş məşqçisi Antuan Kombuare topu özündə yaxşı saxlayan "Qarabağ"ın əsas gücünün yarımmüdafiə xəttində olduğunu bilirdi. Onun yetirmələrindən meydanın mərkəzini uzun ötürmələrlə keçməyi tələb etdiyini proqnozlaşdırmaq çətin deyildi. "Sarı bülbüllər" qısa ötürmələrə bel bağlamağın effektli alınmayacağını başa düşür və topu ələ keçirdikləri zaman birbaşa hücum xəttini "qidalandırmağa" çalışırdılar. Belədə, ağdamlıların dayaq yarımmüdafiəçiləri daha çox fiziki güc itirməli, mərkəz müdafiəçiləri bir qədər irəli çıxmalı olurdu. Bir sözlə, rəqib adına bu da işə yarayırdı.

6.  Meydan sahiblərinin qapıçısı Alban Lyafon sadəcə, möhtəşəm performansla yadda qaldı. Dəfələrlə komandasını qoldan xilas edən qolkiperin uğurlu oyununu Kombuare özü də oyunsonrası mətbuat konfransında xüsusi vurğuladı. O, həm də parlaq qurtarışları ilə komanda yoldaşları üçün əlavə motivasiya mənbəyi oldu. 

7. Qələbə istəyi, sonadək 3 xalı gətirəcək qolun axtarışında olmaq cəsarət baxımından xoş mənzərədir. Təbii, "Qarabağ" matçın sonlarında müdafiəyə çəkilib qol buraxsaydı, futbol ictimaiyyəti oyun modelini dəyişən Qurban Qurbanovu yanlış addım atmaqda suçlayacaqdı. Lakin bunu heç olmasa, uzatma dəqiqələrində etmək olardı.  

Mənbə: Fanat.az

0