Şans oyunları biznesinin ölkə iqtisadiyyatına nə kimi faydası var?

11:48 / 15.02.2023
1621
"Lotereya oyunları dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də kütləvi şans oyunlarının bir növü kimi olduqca populyardır. Lotereya oyunlarına əyləncəli vaxt keçirmək, bəxtin sınanması üçün insanlar tərəfindən müraciət olunur. Bu oyunlarda iştirak etmək boş vaxtın səmərəli və əyləncəli keçirilməsi ilə nəticələnməlidir. Təbii ki, söhbət fəaliyyəti qanunvericiliklə tənzimlənən lotereya oyunlarından gedir”.
 
Bunu Yenicag.az-a açıqlamasında deputat Müşfiq Cəfərov bildirib.
 
 
Azərbaycanda şans oyunları
 
Ölkəmizdə də son iki ildə bu sahəyə maraq artıb. "Azərlotereya” ASC-nin 2021-ci ilin avqustundan Türkiyənin dünyada nüfuzlu "Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan "YMT Sans B.V.” şirkətinə idarəetməyə verilməsindən sonra bu sektorda xeyli canlanma müşahidə edilir.
 
Elə həmin ilin sonunda lotereya və idman mərc oyunlarını tənzimləyən qanunvericilik aktlarına dəyişiklik edilərək qanuni oyunlarla qanunsuz oyunlar arasında sədd çəkilmiş, qanunsuz oyunları təşkil edənlərə münasibətdə cinayət məsuliyyəti sərtləşdirilmiş, qanunsuz oyunların keçirilməsinə dəstək verənlərə münasibətdə inzibati cərimələr müəyyən edilmişdir. Qanunvericilikdə baş verən dəyişikliklərdən sonra "Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkədə lotereyalar yalnız "Azərlotereya” ASC tərəfindən keçirilə bilər. "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən isə idman mərc oyunları ancaq "Azərlotereya” ASC ("Misli”) və 01.12.2021-ci il tarixinədək akkreditasiya olunmuş "Topaz” brendi altında fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən keçirilir. Bütün digər operatorların, xüsusilə də, xarici operatorların ölkə ərazisində lotereya və idman mərc oyunları keçirməsi qanunsuzdur.
 
Mövzu ilə bağlı çıxış edən deputat "Azərlotereya”nın Türkiyəyə məxsus şirkətlə əməkdaşlığı lotereya oyunlarının olduqca güclü sosial-iqtisadi dividendlərinin olduğunu təsdiq edir:
 
"Artıq uzun müddətdir ki, "Azərlotereya” da iqtisadiyyatın mühüm iştirakçısı kimi özünü göstərir. Lotereya biznesinin inkişafı yeni iş yerlərinin yaradılması, sosial layihələrin təşkili üçün mənbə yaradılmasını, habelə dövlət büdcəsinə ödənilən vergilər lotereya oyunlarının olduqca güclü sosial-iqtisadi dividendlərinin olduğunu təsdiq edir”.
 
Lotereya sahəsində Türkiyə təcrübəsinin faydası
 
Azərbaycanda lotereya oyunları dünya təcrübəsinə əsasən təşkil olunur. "Azərlotereya”nın Türkiyə şirkətinə idarəetməyə verilməsi müsbət təsirini göstərir.
 
"Türkiyə lotereya və idman mərc oyunlarının təşkili və yeni məhsulların bazara çıxarılması baxımından təcrübəyə malik olan ölkələrdən biridir. Bu baxımdan Türkiyə ilə əməkdaşlıq həm də Azərbaycanda bu sahənin inkişafı baxımından vacib addımdır. Belə ki, qardaş dövlətin şirkətinin "Azərlotereya”nın idarəçiliyinə cəlb edilməsi ölkəmizdə lotereya və idman mərc oyunları sənayesini inkişaf etdirmək üçün investisiya və yeni texnologiya cəlb etməyə imkan verib, dünya təcrübəsində mövcud olan ən yaxşı modellərin, oyun sistemlərinin, texnoloji infrastruktur, müasir satış, cəlbetmə və stimullaşdırma mexanizmlərinin ölkəmizdə tətbiqinə şərait yaradıb”- deyə deputat Müşfiq Cəfərov bildirib.
 
 
"Azərlotereya” və "Demirören Holding” öz işlərinin öhdəsindən yüksək səviyyədə gəlir
 
"Azərlotereya”nın 2001-ci ildən fəaliyyət göstərdiyini qeyd edən iqtisadçı Vüqar Oruc öz növbəsində qeyd edib ki, "Azərlotereya”nın öz əməkdaşlarının peşə hazırlıqlarının yüksəldilməsi üçün atdığı addımlar təqdirəlayiqdir:
 
"Türkiyənin aparıcı lotereya oyunlarının təşkilini həyata keçirən "Demirören Holding” ölkəmizdə lotereya oyunlarının təşkili üçün səlahiyyət əldə edib. "Demirören Holding” Azərbaycandakı birbaşa xarici investisiya layihəsi (FDI)  olaraq dəyərləndirilən və şirkətin ölkədəki fəaliyyətində lokomotiv rolunu oynayan önəmli təşəbbüsü olaraq, "Azərlotereya”nın yenidən təşkilində iştirak edib. Bu proses hazırda çox uğurla davam edir. Məlumdur ki, bu istiqamət üzrə Türkiyənin təcrübəsi böyükdür. Həmin təcrübənin Azərbaycanda tətbiq olunması istiqamətində müvafiq addımlar atılır. Fikrimcə, bu istiqamətdə həm dövlət büdcəsinə ödənilən vergilərin həcmi, həm də yeni iş yerlərinin yaradılması və əhalinin sahibkarlıq subyektləri olaraq proseslərə cəlb olunması "Demirören Holding”in ölkədəki makroiqtisadi göstəricilərə əhəmiyyətli dərəcədə təsir edən  uğurlu fəaliyyətinin örnəklərindəndir. Onu da qeyd edim ki, İqtisadiyyat Nazirliyi prosesə ciddi nəzarət edir və lotereya təşkilatçıları tərəfindən elan olunan uduş məbləğlərinin tam şəffaflıqla udan tərəfə çatdırılması təmin olunur. Son dövrlər "Azərlotereya”nın öz fəaliyyətində yenilikçilik hiss olunur. Bundan başqa, müvafiq dövlət qurumları ilə müəyyən müqavilələr və memorandumlar imzalanır. Bir neçə gün öncə "Azərlotereya” ASC ilə UNEC arasında da memorandum imzalandı. Bu, "Azərlotereya”nın öz fəaliyyətini genişləndirmək istədiyini və cəmiyyətin ayrı-ayrı strukturlarının prosesdə iştirakının təmin edilməsinin əsas hədəflərdən biri olduğunu göstərir. Hesab edirəm ki, "Azərlotereya” və "Demirören Holding” öz işlərinin öhdəsindən yüksək səviyyədə gəlir. Bu fonda gələcəkdə daha ciddi nəticələrin əldə olunması gözləniləndir. Əgər bu istiqamət üzrə fəaliyyət genişlənərsə, proses büdcəyə daxilolmalar və vergi fonunda ölkə iqtisadiyyatına müsbət töhfələr verəcək”.
 
 
"Azərlotereya”nın inkişafı daha da sürətlənəcək
 
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dosenti, Vəkillər Kollegiyasının üzvü, vəkil Mübariz Yolçiyev isə vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasındakı yatırımların qarşılıqlı qorunması və təşviqi ilə bağlı beynəlxalq müqavilə var. Həmin müqavilə fonunda Türkiyədən olan yatırımlar ölkəmizdə ən yaxşı qorunma və imtiyazlar çərçivəsində qorunur:
 
"”Demirören Holding” Türkiyədə lotereya və idman mərc oyunlarını idarə edən bir şirkətdir və bu sahədə kifayət qədər təcrübəyə malikdir. Eyni zamanda şəriklərindən biri italyan şirkətidir. İtalyan şirkətinin özü də bu sahədə yetərincə təcrübəlidir. Hesab edirəm ki, "Azərlotereya”nın "Demirören Holding”ə idarəetməyə verilməsi uğurlu addımdır. Bu addım "Azərlotereya”nın bu sahədə inkişafını daha da sürətləndirəcək və yeni müasir layihələr həyata keçiriləcək.
 
Qeyri-neft sektorunda iri vergi ödəyicisi
 
Şirkətdən bildirdilər ki, "Azərlotereya” "Demirören Holding”in idarəçiliyinə verildikdən sonra şirkətin effektiv idarəçiliyi, beynəlxalq standartlara uyğun mühasibat uçotu standartlarına uyğun maliyyə intizamının tətbiq edilməsi, yeni lotereya çeşidlərinin (o cümlədən, innovativ virtual lotereyalar) satışa çıxarılması nəticəsində şirkət qeyri-neft sektorunun iri vergi ödəyicilərindən birinə çevrilib və bu statusunu qoruyub saxlaması onun əsas məqsədlərindən biridir.
 
Təəssüf ki, bu sahədə problemlər də vardır. Qanunvericiliklə qanunsuz şans oyunlarının qumar oyunları kimi qadağan edilməsinə baxmayaraq qanunsuz şans oyunlarının, xüsusilə də qanunsuz idman mərc oyunlarının ölkədə təşkil edilməsi, keçirilməsi və reklamı davam etməkdədir. Nəticədə qeyri-qanuni lotereya və idman mərc oyunları platformalarına edilən ödənişlər, belə platformalardan qazanılan uduşlar və həmin platformaların operatorlarının mənfəəti vergidən yayınır və bununla da dövlətimiz ciddi maliyyə itkiləri ilə üzləşir.
 
Lotereya üzrə satış şəbəkələrində minlərlə insan çalışır
 
Lotereya oyunlarından yalnız şanslı qaliblər qazanmır, bu biznes növünün dövlətə olan faydası gözdən qaçmamalıdır. Yeni iş imkanlarının yaradılması, ödənilən vergi məbləğlərinin həcmi, dövlət büdcəsinə daxilolmalar, icra edilən sosial məsuliyyət xarakterli layihələr, texnologiya və "nau hou” transferi  şans oyunları sektorunun ölkə iqtisadiyyatına verdiyi töhfədə böyük pay sahibi olmasından xəbər verir.
 
Məlumata görə, ölkənin rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru – "Azərlotereya”nın təkcə 2021-ci ildə mənfəət vergisi olaraq dövlət büdcəsinə daxilolması 5,1 milyon manat təşkil edib. Növbəti ilin maliyyə hesabatında isə bu rəqəmin çox daha yüksək olacağı gözlənilir.
 
Ötən dövr ərzində "Azərlotereya”nın fəaliyyətinin beynəlxalq standartlara uyğun aparılması, şans oyunlarının dünya təcrübəsinə malik mütəxəssislərlə birlikdə hazırlanması, oyunların çeşidinin, ümumi uduş fondunun və uduş imkanlarının artırılması, satış şəbəkələrinin genişləndirilməsi, "qara bazar”la mübarizə tədbirlərinin gücləndirilməsi belə deməyə əsas verir.
 
Qeyd edək ki, fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar "Azərlotereya”nın öz əməkdaşlarının sayı 49-dan 180-nə qaldırılıb. Hazırda "Azərlotereya” məhsullarının və xidmətlərinin Bakıda və bölgələrdə yayımı ilə 10-a yaxın şirkət və yüzlərlə fiziki şəxs məşğul olur. Bu prosesdə "Azərlotereya”nın əməkdaşlıq etdiyi rəsmi distribütor şirkətlərinin hazırda Bakıda və bölgələrdə 300-ə yaxın dileri və 3000-ə yaxın satış nöqtəsi fəaliyyət göstərir. Bu məntəqələrdə 3300-3400-ə yaxın insan çalışır. Satış məntəqələrinin və əməkdaşların yarıdan çoxu regionlardadır.
 
Sosial yönümlü layihələr
 
"Azərlotereya” fəaliyyətində cəmiyyətin inkişafına hesablanan sosial yönümlü layihələrə də böyük yer verir. Şirkət son bir ildə ölkə əhəmiyyətli tədbirlərin təşkilinə dəstək verməklə yanaşı, maraqlı layihələrə imza atıb. Onlardan biri olan "Əmanətə sədaqət” layihəsi əsasında şəhid ailə üzvlərinin təhsil və yaşam xərcləri qarşılanır.  "Azərlotereya”nın Elm və Təhsil Nazirliyi, eləcə də "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlığı nəticəsində həyata keçirdiyi sosial layihə hazırda 66 nəfəri əhatə edir ki, onlardan 59-u Azərbaycanda, 7-si isə Türkiyədə təhsil alır. Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır.
 
Şirkət Azərbaycanda marketinq sahəsinin inkişafına dəstək məqsədilə təşkil edilən "Milli Marketinq Forumu”na da baş sponsor kimi qatılıb. "Azərlotereya” sağlam həyat tərzinin təşviqi ilə bağlı "Bakı marafonu-2022”nin tərəfdaşı olub, eləcə də ətraf mühitin mühafizəsinə töhfə vermək məqsədilə "Gələcəyə yaşıl miras” devizi ilə ağacəkmə aksiyasına qoşulub. "Azərlotereya” həmçinin mədəniyyət sahəsində də layihələrin icrasında yaxından iştirak edib. Belə ki, "Azərlotereya”nın sponsorluğu ilə Bakıda Türk Filmləri festivalı keçirilib.
 
Hər zaman idmanın inkişafı yönündə dövlətin prioritet siyasətinə dəstək göstərən "Azərlotereya”nın "Misli” brendi isə hazırda Azərbaycan Premyer Liqasının baş sponsorudur.
 
Şirkət bundan sonra da dövlətimizin tərəqqisində önəmli rol oynayan layihələrin icrasında iştiraka davam edəcək.
 
Rəqabətli insan kapitalının formalaşdırılmasına verilən töhfə
 
Texnoloji inkişaf etmiş dünyada rəqabətli insan kapitalının formalaşması iqtisadiyyatın effektivliyini təmin edən əsas amillərdən biridir. Təsadüfi deyil ki, rəqabətli insan kapitalının formalaşdırılması Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in siyahısına da salınıb. Bu prioritet istiqamətin əsas hədəfləri müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqların inkişaf etdirilməsi, rəqabətli insan kapitalının formalaşması, milli kadrların yüksək rəqəmsal mədəniyyətə və bacarıqlara sahib olması və innovativ texnologiyalara əsaslanan rəqəmsal iqtisadiyyatın formalaşdırılması yolu ilə sosial rifahı yüksəltməkdir. Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2021-ci il tarixli fərmanı ilə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Azərbaycanda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Mərkəzinin yaradılması da ölkəmizi yeni texnoloji rəqabət mühitində önə çıxarmaq məqsədindən irəli gəlir.
 
Həm buna görə, həm də "Azərlotereya” ölkənin qeyri-neft sektorunda əhəmiyyətli iştirakçıya çevrilməyi hədəflədiyindən şirkət daxilində və şans oyunları industriyasında rəqabətli insan kapitalının formalaşdırılması şirkətin əsas məqsədlərindən biridir. Bu məqsədlə "Azərlotereya”  həm ən müasir innovativ texnologiyaları tətbiq edir, istehsal prosesinin bütün mərhələləri daxil olmaqla dəyər zəncirinin maksimum rəqəmsallaşdırır, dördüncü sənayə inqilabının töhfələrindən olan robotik proseslərin avtomatlaşdırılması kimi yenilikləri öz fəaliyyət sahələrinə inteqrasiya edir və işçilərin bu texnologiyalara və innovasiyalara dair biliklərini artırır, həm də Avropa Lotereyaları Assosiasiyası (EL), Dünya Lotereyaları Assosiasiyası (WLA), Demirören Holding və sair partnyorların təqdim etdiyi təlimlərdə öz işçilərinin iştirakını təşviq edir, habelə işçilərin, eləcə də satış agentlərinin və s. kritik biznes tərəfdaşlarının ən müasir beynəlxalq standartlara bələd olması üçün mütəmadi olaraq məlumatlarla bölüşür və təlimlər keçirir.
 
0