Komandalarımızın Avropada uğursuz çıxış etməsinə səbəb nədir? - RƏY

İDMAN
15:05 / 23.08.2023
687

Hər yeni futbol mövsümündə Azərbaycan 4 klubla Avropada mübarizəyə başlayır. 

Klublarımız ən yaxşı halda 1-2 tur irəlilədikdən sonra mübarizəni dayandırırlar. Son 10 ildə sadəcə "Qarabağ" qrup mərhələsinə yüksəlməyi bacarıb. Bəziləri isə onun bunların böyük əksəriyyətində, xüsusilə zəif hesab olunan rəqiblər düşdüyü zaman qrupdan çıxa bilməməsini təndiq edir. Digər komandalarımız isə hər il eyni uğursuz nəticələri göstərirlər. Nə edilən transferlər, nə də digər dəyişikliklər bunu əngəlləmir.

Faktiki olaraq, "Qarabağ" da qruplardan çıxmaqda çətinlik çəkir. Çıxdıqdan sonra isə yoluna davam edə bilmir. Digər klublarımız isə ümumiyyətlə təsnifat mərhələlərini belə adlaya bilmirlər. 

Axı nə üçün Azərbaycan klubları Avropada uğursuz çıxış edirlər?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən tanınmış idman jurnalisti Natiq Muxtarlı bildirib ki, “Neftçi”, Qəbələ” və “Sabah”ın avrokuboklardakı çıxışı Azərbaycan futbolunun reallığıdır:

332411

"Burada təəccüblü heç nə yoxdur. Zəif Azərbaycan çempionatının təmsilçiləri bundan artıq nəticəyə ümid etməməlidirlər. Burada qəribəlik “Qarabağ”ın 10 il sərasər avrokubokların qrupunda oynamasıdır. Bax, bu təəccüblüdür. Türkiyəyə baxın, 200 milyon dollar büdcəsi olan “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş” və “Trabzonspor” son 10 ildə neçə dəfə avrokubokların qrupunda oynayıblar? Uzağı 5 dəfə. Ona görə də, Avropada “Qarabağ”ın bu sabitliyindən təəccüblənirlər. Avropalılar Azərbaycan futbolunun səviyyəsinə bələddirlər axı. 

Mahir Emreli “Legiya”ya gedəndən sonra deyirdi ki, uşaq futbolunda öyrənməli olduqlarımı indi burada mənə öyrədirlər. Musa Qurbanlının baş məşqçisi deyir ki, futbolçu ona görə İsveç çempionatına adaptasiya oluna bilmir ki, olduqca zəif Azərbaycan çempionatından gəlib. İsveç çempionatı isə heç Avropada ortabablar arasında da deyil. Amma bizim çempionatdan qat-qat üstündür. Zəif Azərbaycan çempionatında bombardir olan Musa Avropada ortababdan da aşağı olan çempionatda özünə yer tapa bilmir. Problem budur".

Həmsöhbətimiz qeyd edib ki, Avropada bizim çempionatın səviyyəsini bildikləri üçün “Qarabağ”ın qazandığı uğurlardan heyərtlənirlər:

"Bizim cəmiyyət isə “Qarabağ”dan Çempionlar Liqasının qalibi olmağı tələb edir. Çünki reallıq hissindən uzağıq. “Qarabağ”ın hansı çempionatda oynadığını bilmirik? Azərbaycan çempionatının 3-cü turunda “Qarabağ” – “Araz Naxçıvan” oyununu 1200, mərkəzi  qarşılaşmanı “Sabah” – “Neftçi” oyununu isə stadiondan cəmisi 2400 azarkeş izləyib. Və biz “Qarabağ”dan tələb edirik: büdcəsi 1 milyarda çatan klublara qalib gəl. 

Azərbaycan futbolunun siması “Neftçi”dir, “Qəbələ”dir, “Səbail”dir, “Kəpəz”dir. Hansı ki, “Kəpəz” ölkənin ikinci ən böyük şəhərini təmsil edir. Bu şəhər MDB oyunlarına ev sahibliyi edəcək. Amma Gəncə stadionu qəzalı vəziyyətdədir. Və biz “Qarabağ”dan hər il Çempionlar Liqasının qrupunda oynamağı tələb edirik".

Jurnalist vurğulayıb ki, digər klublarımızın büdcəsi “Qarabağ”ın büdcəsindən geri qalmır:

"Əslində “Neftçi”in büdcəsi bu ildən iki dəfə artırılıb, amma nəticə yoxdur. “Səbail” 10 milyonu hara xərcləyir, məlum deyil. Azərbaycanda klublarda “istedadlı dələduzlar” kök salıb, menecer-rəhbərlər pul yuyurlar, heç kim də onlardan heç nə tələb etmir. Azərbaycan futbolunda idarəetmə sistemi naqisdir, AFFA-dan tutmuş, klublara qədər. Təkcə “Qarabağ”ın bəxti gətirib ki, Qurban Qurbanov var orada. Hə, rəhbərlik də onun işinə müəyyən mənada qarışmır. Amma sabah Qurban “Qarabağ”dan getsin, o komanda olmayacaq. Bu komanda məhz Qurban Qurbanovun əsəridir. Amma o da belə zəif çempionatda “Mançester Siti”, “Liverpul” yarada bilməz. Biz hələ futbolda siçan düzəltməyi öyrənməmişik, amma istəyirik ki, fil düzəldək". 

Natiq Muxtarlının sözlərinə görə, biz reallıq hissindən uzağıq, imkanlarımız istəklərimiz isə tərs mütənasibdir:

"Səhiyyəmiz, təhsilimiz, nəqliyyat sistemimiz, bank sektorumuz hansı gündədirsə, futbolumuz da o gündədir. O sahələr necə idarə olunursa, futbol da elə idarə olunur. Sadəcə bataqlıqda çiçəyə bənzəyən nəsə çıxıb. O da “Qarabağ”dır. Bütün Avropa o “Qarabağ”ın bu bataqlıqda neçə bitdiyinə təəccüblənir. Biz isə tələb edirik ki, “Qarabağ” Çempionlar Liqasının qalibi olsun. Adamdan soruşarlar: Nəynən, ay Alış? 

Azərbaycan futbolunda, klublarda idarəetmə sistemi dəyişməyənə, “istedadlı dələduzlar” futbol təsərrüfatından uzaqlaşdırılmayana, futbol peşəkarlara həvalə edilməyənə qədər belə olacaq. Biz gecikirik. Gecikdiyimzi hər gün isə bizi bəlkə də bir il Avropadan geri çalır. Orada futbol böyük sürətlə inkişaf edir. Biz isə yapışmışıq “Qarabağ”ın yaxasından: Çempionlar Liqasının qalibi olmalısan, vəssalam. Heç nəyi olmayan ölkənin vətəndaşının arzusuna, istəyinə, tələbinə bax ey..."

Pərviz

0