Ali Koç vəzifəsindən gedir: Səbəb nədir?

İDMAN
14:40 / 05.02.2024
994

Türkiyənin "Fənərbağça" klubunun prezidenti Ali Koç son açıqlaması ilə gündəmi alt-üst edib.

O, vəzifəsindən gedəcəyini açıqlayıb. Daha doğrusu, Ali Koç iyun ayında keçiriləcək qurultayda yenidən namizəd olmayacağını və klubun yeni prezidentinin seçiləcəyini elan edib. "Fənərbağça"nın çempionluq mübarizəsinə davam etdiyi bir vaxtda onun belə radikal qərar verməsi isə futbol ictimaiyyətində şok effekti yaradıb.

Futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında bildirib ki, Ali Koç mövcud vəziyyətdən məmnun qalmadığı üçün bu qərarı verib:

343121

"Hazırda Türkiyə Super Liqasında "Fənərbağça" və "Qalatasaray" arasında çempionluq yarışı gedir. Amma "Qalatasaray"ın oyunu kənardan daha baxımlı və effektli görünür. Üstəlik, "sarı-qırmızılılar" rəqiblərinə daha rahat şəkildə qalib gələ bilirlər. 

"Fənərbağça" üçün isə bunları demək mümkün deyil. Onlar, hər zaman ən yaxşı futbolçuları ilə seçiliblər. "Sarı bülbüllər"in hazırkı oyunu da ürəkaçan görünmür. Hətta çox çətinliklə qələbə qazandıqlarını deyə bilərik. Yəni Ali Koçun meydandakı oyunun səviyyəsi və istənilən transferlərin edilmədiyinə görə bu qərarı verdiyini düşünürəm". 

Ekspert qeyd edib ki, Türkiyədə futbol siyasətdən belə öndə gedir:

"Yəni hansısa komandanın uğursuz olması milyonlarla azarkeşə böyük təsir göstərir. Məncə, düzgün transferlərin edilməməsi və uğursuz nəticə olması ehtimalında Ali Koç ittiham oluna bilər. Üstəlik, İstanbul klubunun prinsipial oyunlarda istənilən səviyyədə çıxış etməməsi də azarkeşlərin təpkisinə səbəb olur. Bəlkə, o da bunlara görə öncədən belə bir addım atıb. Düşünürəm ki, Ali Koçu bu qərara vadar edən nüanslardan biri də budur".

Pərviz

0