Almaniyanın Frankfurt Əyalət Məhkəməsi biletlərin təkrar satışı ilə məşğul olan "Ticombo" onlayn platformasının iddiasını təmin edərək FIFA-nı kommersiya məqsədilə bilet satan bütün satıcıların şəxsiyyəti və ünvanı barədə məlumatları alqı-satqı başa çatmamış açıqlamağa məcbur edib.
HİT.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
İddiaya əsasən, "Ticombo" FIFA-nı satıcıların kommersiya statusunu sistemli şəkildə gizlətməkdə ittiham edib. Platformanın iddiasına görə, bu yanaşma kommersiya şirkətlərinə adi istifadəçi kimi görünməyə və onlara ayrılmış bilet kvotalarını şişirdilmiş qiymətlərlə yenidən satmağa imkan verir.
Bundan başqa, FIFA bilet satışları zamanı istifadəçi interfeysində manipulyativ üsullardan istifadə etməkdə də ittiham olunur. Bunlara ödəniş mərhələsində bilet qiymətinin qəfil artırılması, alış üçün altı dəqiqəlik məhdud vaxt taymeri, ən bahalı yerin avtomatik olaraq standart seçim kimi təqdim edilməsi və qiymətlərin yer seçilməzdən əvvəl göstərilməməsi daxildir.
"The Guardian"ın yazdığına görə, FIFA nümayəndələri Frankfurtda keçirilən məhkəmə iclasına qatılmayıblar. Qərar yalnız Almaniya ərazisində hüquqi qüvvəyə malik olduğundan, onun hazırkı turnirə ciddi təsir göstərəcəyi gözlənilmir.
"Ticombo" hüquqi mübarizəni İsveçrə məhkəmələrində də davam etdirməyi planlaşdırır.
May ayında isə ABŞ-ın Nyu-York və Nyu-Cersi ştatlarının baş prokurorları dünya çempionatının final oyununun keçirilməsi nəzərdə tutulan "MetLife" stadionu üçün FIFA biletlərinin satışı ilə bağlı araşdırmaya başlayıblar.
Samir


