“Münasibətlərdə doğru insanı tanımaq zaman alır. Çünki birinin sizə uyğun olub-olmadığını yalnız onu tanıdıqca, müxtəlif vəziyyətlərdə davranışlarını gördükcə anlayırsınız”.
Bu sözləri psixologiya üzrə fəlsəfə doktoru Fatimə Bayramova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, “doğru insan” anlayışı da gözəllik kimi nisbidir:
“İnsanlar fərqli olduğu üçün ehtiyacları, gözləntiləri və münasibətdən istədikləri də fərqlənir. Hamı üçün eyni “doğru insan” yoxdur. Əsas olan sizinlə eyni istiqamətə baxan, sizi anlamağa çalışan və dəyərlərinizə hörmət edən birinin olmasıdır. Sizi sevən, olduğunuz kimi qəbul edən, şəxsiyyətinizi öz istədiyi qəlibə salmağa çalışmayan insan sizin üçün doğru tərəfdaş ola bilər”.
Lakin onun sözlərinə görə, qəbul edilmək hər fikrinizin və davranışınızın təsdiqlənməsi demək deyil:
“Siz də hər zaman haqlı olmaya bilərsiniz. Qarşı tərəfin fikrini hörmətlə bildirməsi, sizinlə razılaşmaması və ya narahatlığını dilə gətirməsi onun yanlış insan olduğunu göstərmir. Doğru insan sizi başqalarının yanında alçaltmaz, dəyərinizi kiçiltməz, zəif tərəflərinizdən sizə qarşı istifadə etməz. Bu, sizi heç vaxt incitməyəcəyi demək deyil. Əsas məsələ incitdiyini anladıqda məsuliyyət götürməsi, üzr istəməsi və eyni davranışı təkrarlamamaq üçün səy göstərməsidir”.
Psixoloq qeyd edib ki, sağlam münasibətdə sevgi qəsdən qısqanclıq yaratmaqla sınanmır, nəzarətlə sübut olunmur:
“Tərəflər bir-birinin düşüncələrinə, seçimlərinə və şəxsi sərhədlərinə hörmət edir. Birini sevməyin onun həyatını idarə etmək haqqı vermədiyini anlayırlar. İnam və güvən isə yalnız sözlə deyil, zamanla və ardıcıl davranışlarla qurulur.
Fikir ayrılıqları olsa da, tərəflər bir-birini dinləyə, narahatlıqlarını açıq danışa və ortaq həll axtara bilirlər. Fiziki şiddət isə fikir ayrılığı və ya uyğunsuzluq deyil, zorakılıqdır. Heç bir mübahisə, qısqanclıq və ya sevgi iddiası ona haqq qazandıra bilməz”.
Həmsöhbətimiz vurğulayıb ki, doğru insan da qüsursuz insan deyil:
“Yanında özünüz ola bildiyiniz, sevildiyiniz qədər hörmət də gördüyünüz, münasibəti qorumaq üçün təkbaşına mübarizə aparmadığınız insandır. Əgər “növbəti dəfə həyata gəlmə şansınız olsa yenə həmin adamı seçərdinizmi?” sualına cavab yenə məhz hazırki şəxsdirsə sizə görə artıq doğru insanı tapmısınız deməkdir”.
Pərviz


