Nar mövsümünün davam etdiyi vaxtda sosial şəbəkələrdə bir kiloqramlıq tək narın 20 manata satışa çıxarılması müzakirələrə səbəb olub.
Satıcıların daha baha qiymətə narların da bazara gətiriləcəyini bildirməsi istehlakçıların diqqətini çəkib. Bəs adi narla müqayisədə bu məhsulun qiymətini belə yüksəldən amillər hansılardır? Qiymət fərqi narın xüsusi sortu, yetişdirilmə şəraiti və keyfiyyəti ilə bağlıdır, yoxsa bazarda tələb və təklif də mühüm rol oynayır?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, bir kiloqram çəkisi olan narın ədədinin 20 manata satılması onun bu qiymətə qalxdığı demək deyil:
“Düzdür, bu adi bazar qiymətindən xeyli yüksək görünür. Belə qiymətləri təhlil edərkən əsas məsələ narın ümumi bazar qiyməti ilə nadir, xüsusi seçilmiş və ya premium məhsul kimi təqdim edilən narın qiymətini fərqləndirməkdir. Əslində, qiymətin yüksək olması təkcə məhsulun azlığı ilə izah edilmir. Narın sortu, ölçüsü, görünüşü, becərilmə şəraiti, məhsulun yetişdirilməsi və qablaşdırılmasına çəkilən xərclər, satış kanalı, eləcə də alıcının həmin məhsula nə qədər pul ödəməyə hazır olması qiymətə təsir edə bilər.

Maraqlıdır ki, 2026-cı ilin sentyabrında Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov mövsümün əvvəlində bəzi bölgələrdə narın fermerdən alış qiymətinin kiloqramı təxminən 1,10 manat olduğunu bildirib. Eyni zamanda, Sabirabadda əlverişsiz hava şəraiti və xəstəliklər səbəbindən məhsuldarlığın azaldığı barədə məlumat yayılıb. Bu məlumatlar göstərir ki, müəyyən nar sortlarının bahalaşmasına məhsuldarlıq və keyfiyyət amilləri təsir edə bilər”.
Ekspert onu da əlavə edib ki, bir narın 20 manata təklif olunması bütün nar bazarında belə qiymət səviyyəsinin yarandığını göstərmir:
“Sosial şəbəkədə elan edilən qiymət real alqı-satqı qiyməti ilə eyni deyil. Belə qiymətin əsaslandırılması üçün narın sortu, keyfiyyəti, istehsal xərcləri və həqiqətən bu qiymətə satılıb-satılmadığı araşdırılmalıdır. Eyni zamanda bazar iqtisadiyyatında sahibkar məhsulun qiymətini fantastik həddə qoya bilər, amma o qiyməti bazarın tələbi və təklifi optimallaşdıracaq.
Yəni biri 20 manata satışa qoyulan nar aylarla sayılmayacaq və ya 1-2 ədəd satılacaq, sahibkar qiyməti endirmək məcburiyyətində qalacaq. Belə nadir meyvələri isə adətən kolleksiya həvəskarları ala bilər. Yəni bu hadisə narın bazar qiymətinə heç bir təsir göstərə bilməz”.
Sevinc


